Accessibility links

200 gündən çoxdur aclıq edən alim işgəncəyə məruz qaldığını bildirir


Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)
Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) keçmiş sədri, iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən və onunla eyni cinayət işi üzrə ittiham olunan İstanbul Universitetinin doktorantı Fazil Qasımov işgəncəyə məruz qaldığını bildirib.

Keçirilən məhkəmə prosesində Fazil Qasımov işinə baxan hakimlər kollegiyasına müraciət edərək bununla bağlı tədbir görülməsini istəyib.

Fazil Qasımovun sözlərinə görə, yanvarın 9-da keçirilən məhkəmə iclasında vəkili Fuad Ağayev müdafiəsini qurmaq məqsədilə ona bir sıra sənədlər təqdim edib, lakin məhkəmədən qayıdanda onu qandallı vəziyyətdə yerə yıxıb, zor tətbiq ediblər.

O bildirib ki, vəkilinin verdiyi sənədləri ondan alıb, geri qaytarmayıblar.

Həm fiziki, həm də psixoloji işgəncəyə məruz qaldığını deyən alimin məlumatına görə, məhkəmə baş verənlərə biganə qalmamalıdır.

"Çünki onun həm işgəncəyə, pis rəftara məruz qalmamaq, həm də müdafiə hüququ pozulur", deyə, Qasımov məhkəmədə bildirib.

Fazil Qasımov qeyd edib ki, ona özünü müdafiə etməyə imkan verilmir. Lakin Mahirə Kərimova, Anar Sadıqov və Fəxri Məmmədovdan ibarət hakimlər kollegiyası təqsirləndirilən alimin şikayətilə bağlı tədbir görməkdən imtina ediblər.

Hakimlər iddia ediblər ki, prosesdən kənarda baş verənlərin məhkəməyə aidiyyəti yoxdur.

Fazil Qasımovun vəkili Fuad Ağayev məhkəmənin belə yanaşmasına etiraz edib. Vəkil bildirib ki, hakimlərin belə yanaşması təqsirləndirilən şəxsə qarşı qərəzdir, müdafiə hüququnun pozulmasıdır:

"Məhkəmə şəxsin müdafiə hüququnun pozulmasına biganə yanaşa bilməz. Bu nə münasibətdir? O sənədlər şəxsin özünü müdafiə edə bilməsi üçün çox vacibdir. Sənədləri adamın əlindən alıblar. Siz isə deyirsiniz ki, məhkəmə bu məsələlərə qarışmır".

Etirazlara baxmayaraq, hakimlər təqsirləndirilən şəxsə qarşı zorakılıqla bağlı şikayətin araşdırılması, eləcə də onun müdafiə hüququnun təmin olunması məsələsilə bağlı tədbir görməyib.

Fazil Qasımov Anar Əliyevlə birlikdə mühakimə edilir. Ötən məhkəmə iclasından Anar Əliyevin dindirməsi başlayıb.

O, Fazil Qasımovu tanımadığını, ilk dəfə məhkəmədə gördüyünü desə də, Qubad İbadoğlunun əleyhinə ifadə verib.

Ondan tapıldığı iddia edilən saxta 1000 dolları da Qubad İbadoğludan aldığını deyib.

Məhkəmədə Fazil Qasımovun özü və vəkili Anar Əliyevə bir neçə sual versə də, o, həmin sualları cavablandırmaqdan imtina edib. Üstəlik, Fazil Qasımovu qınayıb ki, aylardır davam edən məhkəmə iclaslarında çoxsaylı vəsatətlər qaldırır, nəticədə proses uzanır.

Fazil Qasımov isə bildirib ki, heç bir cinayət törətmədiyi halda, şərlənərək il yarımdır həbsdə saxlanılır. Bu səbəbdən təqsirsizsizliyinin üzə çıxmasını, həbsdən buraxılmasını istəyir.

Fazil Qasımov 2024-cü ilin iyunundan həbsdə aclıq aksiyası keçirir, yalnız maye qəbul edir.

Yaxınlarının bildirdiyinə görə, vaxtaşırı bal ilə maye qarışığı qəbul elədiyinə görə orqanizm 6 aydan çox davam edən aclığa tab gətirə bilib.

Fazil Qasımov və Anar Əliyevin məhkəməsi yanvarın 16-da davam edəcək.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də tutulub, avqustun 8-də isə Fazil Qasımov İstanbulda saxlanılaraq Bakıya gətirilib.

1990-cı il təvəllüdlü Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.

Qubad İbadoğlu tutulduğu gün onun ofisindən 40 min dollar pul tapılıb, bunun da bir hissəsi saxta olub.

İttihama görə, saxta pulları da o, Türkiyədən gətirib.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

İstintaq zamanı Anar Əliyev Qubad İbadoğlunun əleyhinə ifadə versə də, iqtisadçı bu şəxslə heç vaxt əlaqəsi olmadığını, onun yalan danışdığını bəyan edib.

Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən buraxılıb.

Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 10-a çatıb
please wait

No media source currently available

0:00 0:11:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG