İranın Şərqi Azərbaycan vilayətinin Təbrizdəki Telekommunikasiya Şirkətinin işçiləri artıq üç gündür tətil edir və şirkət qarşısında toplaşaraq etiraz aksiyaları keçirirlər.
İLNA xəbər agentliyinin məlumatına görə, işçilərin tətilinə səbəb illik təcrübə haqlarının ödənilməməsi, maaşların az olması və ədalətsiz bölüşdürülməsi, tibbi sığorta haqqının ödənilməməsi, və sosial sığorta haqlarının, həmçinin əlavə sığorta ödənişlərinin gecikməsidir.
Qeyd edək ki, bu işçilər əvvəllər də dəfələrlə tətil təşkil etmiş və hökumətə bağlı olan Telekommunikasiya Şirkətinin qarşısında etiraz aksiyaları keçirmişdilər.
SEE ALSO: Təbrizdə telekom işçiləri aksiya keçiribİşçilərin əsas tələbi "Dövlət İşçilərinin Tənzimlənməsi Planı"nın həyata keçirilməsidir. Bu plan parlament tərəfindən təsdiq edilsə də, büdcə çatışmazlığı səbəbilə hökumətlərin onu icra etməkdə aciz olduğu bildirilir.
Plana əsasən, dövlətin məqsədi işçilərin iş şəraitini yaxşılaşdırmaq, maaşlardakı bərabərsizliyi azaltmaq, işə qəbul prosesində şəffaflıq yaratmaq və müvəqqəti və ya ədalətsiz müqavilələri aradan qaldırmaqdır. Telekommunikasiya Şirkətində müqavilə ilə çalışan işçilər bildirirlər ki, onların maaş və digər imtiyazları rəsmi işçilərlə müqayisədə ciddi şəkildə fərqlənir.
Bununla yanaşı, "Dövlət İşçilərinin Tənzimlənməsi Planı"na qarşı çıxanlar da var. Bu plandan ən çox narahat olan vasitəçi şirkətlər və podratçılardır. Onlar hökumət ilə işçilər arasında vasitəçilik etdikləri üçün maliyyə maraqlarının təhlükə altına düşəcəyini düşünür və planın həyata keçirilməsinə müqavimət göstərə bilərlər. Parlament üzvlərinin bir qismi isə hökumətin bu planın maliyyə yükü səbəbilə onu icra etməkdə maraqlı olmadığını bildirir.
İranda inflyasiyanın səbəb olduğu ağırlaşan həyat şəraiti fonunda bir çox işçi, o cümlədən zavod və şirkət əməkdaşları, tətil və etiraz aksiyaları keçirir. Buna baxmayaraq, görünür ki, İran hökuməti bu təbəqəyə müsbət addımlar atmır. Təbrizdəki telekom işçiləri də nümayəndə təyin edərək öz tələblərini irəli sürməkdən ehtiyat edirlər. Onların sözlərinə görə, keçmiş illərdə işçilər adından məsul şəxslərlə danışıqlar aparmaq və tələbləri irəli sürmək üçün seçilən nümayəndələr işdən çıxarılıblar.