Sərhədsiz Reportyorlar: “Abzas Media işi” hakimiyyətin müstəqil medianı zərəsizləşdirmək strategiyasının bir hissəsidir

Abzas Media

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı “Abzas Media işi” üzrə yanvarın 21-nə təyin edilmiş məhkəmə prosesinin Azərbaycanda repressiya və ədalətsizliyin artdığı bir vaxtda baş verdiyini qeyd edərək jurnalistlərin azad edilməsi ilə bağlı çağırışını yeniləyib.

Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının 6 əməkdaşı, o cümlədən saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, habelə Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə xarici valyuta qaçaqmalçılığında ittiham edilərək həbs ediliblər.

Daha sonra jurnalistlərə qarşı cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma da daxil olmaqla, 7 maddə ilə ittiham irəli sürülüb.

Jurnalistlər günahsız olduqlarını, cinayət təqibinin peşə fəaliyyətləri ilə, xüsusən də yüksək rütbəli məmurların korrupsiya əməllərinə dair araşdırmaları ilə əlaqəli olduğunu bildirirlər.

“Yüksək səviyyəli dövlət korrupsiyası ilə bağlı araşdırmaları ilə tanınan Sevinc Vaqifqızı və həmkarlarının təqib olunması İlham Əliyev rejiminin avtoritar meyllərini nümayiş etdirir. Bu ittihamlar hakimiyyətdən sui-istifadə hallarını ifşa etməklə rejimə meydan oxuyan Abzas Media kimi müstəqil medianı nüfuzdan salmaq və zərərsizləşdirmək üçün daha geniş strategiyanın bir hissəsidir”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.

Jurnalistlərə qarşı ittihamların “açıq-aşkar əsassız” olduğunu qeyd edən Sərhədsiz Reportyorlar müdafiə tərəfinin qaldırdığı vəsatətlərin bir qayda olaraq rədd edilməsinin icraatının özbaşınalığından xəbər verdiyini bildirib.

“RSF onların dərhal azad edilməsini tələb edir və Azərbaycanın beynəlxalq tərəfdaşlarını, xüsusən də Avropa İttifaqını ölkə ilə əməkdaşlığını mətbuat azadlığında konkret irəliləyişlə şərtləndirməyə çağırır”, Kavelye əlavə edib.

SEE ALSO: Hesabat: Azərbaycan ən çox jurnalist həbs edən ölkələr sırasındadır


RSF həmçinin işə baxan üç hakimdən ikisinin “Abzas Media” tərəfindən dərc edilən və onların siyasi hakimiyyətdən asılılığını ifşa edən araşdırmaların mövzusu olmasına, hakim Rasim Sadıxovun hüquq müdafiəçisi İntiqam Əliyevin məhkum edilməsində iştirakına və bu işin 2018-ci Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onun həbsinin siyasi motivli olmasına dair qərarına diqqət çəkib.

Hazırda Azərbaycanda ən az 20 jurnalist və media işçisinin həbsdə olduğunu bildirən Sərhədsiz Reportyorlar “Toplum TV”-nin jurnalisti Fərid İsmayılovun yanvarın 17-də həbsdə edilməsi, ondan bir gün əvvəl Amerikanın Səsinin jurnalisti Ülviyyə Quliyevanın dindirilməsinin ölkənin müstəqil mediasının gələcəyi üçün “acınacaqlı perspektivlərdən” xəbər verdiyini vurğulayıb.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, Azərbaycan rəsmiləri fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.