Jurnalistikada Qadınlar üçün Koalisiya Amerikanın Səsinin jurnalisti Ülviyyə Quliyevanın ölkədən çıxışına qadağa qoyulmasını pisləyib.
“Qadın Mətbuat Azadlığı Ülviyyə Əliyə (Quliyeva) qarşı açıq-aşkar təzyiqi və müstəqil jurnalistlərə qarşı davam edən təqibləri pisləyir. Biz hakimiyyətdən təhqiqata son qoymağı, səyahət qadağasını qaldırmağı və mətbuata təzyiqləri dayandırmağı tələb edirik”, Koalisiyanın bəyanatında vurğulanır.
Jurnalist Ülviyyə Quliyeva yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı 2 saat dindirildikdən sonra sərbəst buraxılıb və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.
“Ölkədən çıxışıma qadağa qoyulduğunu yalnız özüm soruşandan sonra dedilər. Bu isə müdafiə hüququmun təşkilinə mane olur, yəni vaxtında bundan xəbər tutmayanda məhkəməyə şikayət etmək (iddia) müddətini ötürə bilərəm. Bu qadağa sərbəst hərəkət etmə hüququmu da pozur. Bunu həm də jurnalist fəaliyyətimə təhdid kimi də qiymətləndirirəm”, Quliyeva deyib.
Jurnalist qərarla bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib. Onun sözlərinə görə, hansısa medianın əməkdaşı olmaq cinayət deyil, lakin bu situasiyada qərar ona aydın deyil və əsassızdır, çünki o, “Meydan TV”nin əməkdaşı deyil.
Dekabr ayında “Meydan TV”nin 6 jurnalisti xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Jurnalistlər ittihamları rədd edərək, həbslərini jurnalist fəaliyyətlərinə görə qisas olduğunu bildirirlər.
Jurnalistikada Qadınlar üçün Koalisiya qeyd edir ki, hazırda 7-si qadın olmaqla, ən azı 18 jurnalistin dəmir barmaqlıqlar arxasında olması Azərbaycanı dünyada ən çox jurnalist həbs edən ölkələrdən birinə çevirir.
Sərhədsiz Reportyorlar təşkilatı jurnalist Ülviyyə Quliyevanın dindirilməsinin, habelə yanvarın 17-də “Toplum TV”-nin jurnalisti Fərid İsmayılovun həbs edilməsinin ölkədə müstəqil medianın gələcəyi üçün “acınacaqlı perspektivlərdən” xəbər verdiyini vurğulayıb.
Rəsmi Bakı isə jurnalistlərə qarşı siyasi motivli təqiblərin olmasını rədd edir, ölkədə bütün hüquq və azadlıqların, o cümlədən söz və mətbuat azadlığının qorunduğunu bildirir.