ABŞ və Avropa İttifaqına üzv dövlətlərin diplomatları Şəhidlər Xiyabanını ziyarət edib

Hüqo Qevara Şəhidlər Xiyabanını ziyarət edir (Mənbə: ABŞ səfirliyi)

20 Yanvar Ümumxalq Hüzn Günündə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Avropa İttifaqına üzv dövlətlərin Bakıdakı diplomatik missiyalarının təmsilçiləri, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib.

Diplomatlar keçmiş Sovet Ordusu tərəfindən qətlə yetirilən şəhidlərin qəbirlərinin üzərinə gül dəstələri düzüb.

"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk", ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara X Platformasında yazıb.

“35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Azərbaycanda, Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır”, Avropa İttifaqnın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko X Platfomasında qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun bölmələri, xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədib.

“Bütün beynəlxalq hüquq normalarına zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirilib, 744 nəfər ağır yaralanıb, 4 nəfər itkin düşüb”, sənəddə qeyd edilir.