Accessibility links

20 Yanvar hadisələri - 31 il sonra ictimai-siyasi baxış


20 Yanvar - Azərbaycanda Ümumxalq Matəm günüdür, dövlət bayraqları yarıyadək endirilib.

Ölkə prezidenti 1990-cı il yanvarın 20-də həlak olan şəhidlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Şəhidlərin xatirəsinə ölkə ərazisində bir dəqiqə ərzində bütün hərəkət dayandırılıb. Qatarlar, avtomobillər, gəmilər fit çalıb.

Koronavirus pandemiyası səbəbindən ictimaiyyətin Şəhidlər Xiyabanını ziyarəti bu il əvvəlki illərdən fərqli olub. İnsanlar infeksiyaya yoluxmamaq üçün tibbi maskalardan istifadə edib. Ziyarətçilər sosial məsafəni qorumağa və beş nəfərlik qrup halında hərəkət etməyə çağırılıb.

20 Yanvar hadisələri
20 Yanvar hadisələri

31 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.

İndiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu ozamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Ölkə parlamenti 1992 və 1994-cü ildə yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSRİ-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşüb. Eyni zamanda, hadisələr zamanı Bakıda olan SSRİ rəhbərliyinin təmsilçisi Yevgeni Primakovun adı 1994-cü il qiymətləndirilməsində günahkarların siyahısından çıxarılıb.

Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yayıb ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və cinayət işini bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

20 Yanvar hadisələri
20 Yanvar hadisələri

Müşahidəçilər hesab edir ki, faciəyə siyasi qiymət verilsə də, hüquqi qiymət hələ də verilməyib.

Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır
Azərbaycan Xarici İşlər Nazirliyinin bəynatından sitat

Azərbaycan Xarici İşlər Nazirliyi yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bu gün yaydığı bəyanatda bildirir ki, 20 Yanvar hadisələrinə görə keçmiş sovet rəhbərləri məsuliyyət daşıyır.

“Üzərindən 31 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 1990-cı ilin 20 Yanvar hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır,” sənəddə qeyd edilir.

Prezident İlham Əliyev Facebook səhifəsində bir açıqca yaymaqla 20 Yanvar hadisələrinə münasibət bildirib.

“Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar,” açıqcada yazılıb.

Etibar Məmmədov Azərbaycan Xalq Hərəkatının liderlərindəndir. O, 20 Yanvar hadisələrindən sonra Moskvada beynəlxalq media qarşısında mətbuat konfransı keçirdikdən sonra həbs edilib. Cənab Məmmədov hesab edir ki, 20 Yanvar hadisələri milli azadlıq hərəkatı idi.

Bu gün Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edibsə, deməli şəhidlərin qanı yerdə qalmayıb.
Etibar Məmmədov, milli-azadlıq hərəkatının liderlərindən

“Xalq müstəqil olmaq üçün küçələrə çıxmışdı. İlk şəhidlərini də o zaman verdi. Bunun nəticəsi olaraq Azərbaycan müstəqil dövlət oldu. Bu gün də şəhidlərimizin qanı bahasına müstəqil dövlətimizin güclənməsi prosesi davam edir. Bu gün Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edibsə, deməli şəhidlərin qanı yerdə qalmayıb,” Məmmədov Amerikanın Səsinə bildirib.

20 Yanvar şəhidlərinin xatirəsi anılır
20 Yanvar şəhidlərinin xatirəsi anılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, xalqın azadlıq eşqi o qədər güclü idi ki, heç bir qüvvə onu qorxutmaq iqtidarında deyildi.

“Xalqımız həmin gecə vətənin istiqlalı naminə kütləvi və şüurlu şəkildə ölümün düz üstünə getdi. Ölümündən qorxmayanları, ölümə meydan oxuyanları məğlub etmək mümkün deyil. Məhz ona görə biz həmin gecə millət olaraq çoxsaylı qurbanlar versək də, məğlub olmadıq... Bu savaşın qalibi Azərbaycan xalqıdır. Bu xalq daha azadlığından vaz keçməyəcək.”

Ölümündən qorxmayanları, ölümə meydan oxuyanları məğlub etmək mümkün deyil.
Əli Kərimli, AXCP sədri

AXCP sədri hesab edir ki, 20 Yanvar milli istiqlalı dönməz edən kütləvi qəhrəmanlıq günüdür.

“20 Yanvar şəhidləri milli qürur ünvanımızdır. 1-ci və 2-ci Qarabağ savaşının minlərlə şəhidi vətən üçün can fəda etməyi həm də 20 Yanvar şəhidlərindən öyrəndi,” o Facebook səhifəsində qeyd edib.

Milli Məclisin deputatı Sahib Alıyevin qənaətincə, 31 il əvvəl əli yalın tankların qabağına çıxanlarla, sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlərlə Şuşa şəhərini azad edənlər eyni ruhun daşıyıcılarıdır.

20 Yanvar hadisələri
20 Yanvar hadisələri

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu yazır ki, 20 yanvar gecəsi və sonra baş verən iki hadisə SSRİ-nin altına yerləşdirilmiş saat mexanizmli dinamit rolunu oynayıb.

20 yanvar gecəsi və sonra baş verən iki hadisə SSRİ-nin altına yerləşdirilmiş saat mexanizmli dinamit rolunu oynadı.
Ərəstun Oruclu, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

“Müqəddəs sayılan SSRİ sərhədlərinin dağıdılması və Kommunist Partiyası üzlük biletlərinin nümayişkəranə yandırılması.

Həmin dinamitlər üstündən heç iki il keçməmiş partladı və SSRİ-ni dağıtdı.

Bu, bizim şanlı tariximizdir, həmin tarixi öz qanı ilə yazmış bütün şəhidlərimiz bizim üçün sözün həqiqi mənasında müqəddəsdir,” Oruclu qeyd edib.

20 Yanvar Ümumxalq Hüzn Günü ictimaiyyət Şəhidlər Xiyabanını ziyarət edir
20 Yanvar Ümumxalq Hüzn Günü ictimaiyyət Şəhidlər Xiyabanını ziyarət edir

Milli Məclisin keçmiş sədri İsa Qəmbər hesab edir ki, Azərbaycan üçün 20 Yanvar bitməyib.

Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir.
İsa Qəmbər, Milli Məclisin keçmiş sədri

“Çünki Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər. 20 Yanvarı doğuran şərtlər bu gün bütün gücü ilə ortadadır,“ O, Facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG