Accessibility links

Azərbaycanda Ümumxalq Matəm Günü qeyd edilir


Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı

Azərbaycanda Ümumxalq Matəm günüdür.

Bu gün ölkə prezidenti, hökumət üzvləri, Milli Məclisin deputatları, dipolomatik korpusların təmsilçiləri, müxalifət liderləri, ictimaiyyətin on minlərlə nümayəndələri 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Şəhidlərin xatirəsinə ölkə ərazisində bir dəqiqə ərzində bütün hərəkət dayandırılıb, qatarlar, avtomobillər, gəmilər fit verib.

34 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

“Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü”, Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatında deyilir.

Nazirlik bildirir ki, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.

“34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı”, sənəddə qeyd edilir.

Bununla yanaşı, indiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə deyib ki, 20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyini Rusiyadan almaq üçün canlarını fəda edib.

“1993-cü ildə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin səyləri ilə Rusiyanın işğalçı ordusu Azərbaycanı tərk edib. Amma 28 il sonra həmin işğalçı ordu yenidən Azərbaycana qayıdıb. Həmin işğalçı ordu Azərbaycana qayıdan vaxtdan artıq 3 ildir ki, mən əminəm ki, şəhid ruhları narahatdır. Çünki onlar cavan canlarını məhz Azərbaycanın müstəqilliyi üçün qurban vermişdilər”, AXCP sədri qeyd edib.

ABŞ səfiri Mark Libbi də 1990-cı il yanvarın 20-də həlak olanların ailələrinə başsağlığı verib.

"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk", səfir Mark Libbi sosial şəbəkələrdə paylaşım edib.

Forum

XS
SM
MD
LG