Gürcüstanın Baş naziri: Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezident İlham Əliyev (foto: Prezident.az)

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi Gürcüstanın nümayəndə heyəti yanvarın 17-də Azərbaycana gəlib.

Səfər çərçivəsində hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib.

Gürcüstan Hökümətinin rəsmi məlumatına görə, Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.

Həmçinin, Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Səfər çərçivəsində Bakıda Gürcüstan səfirliyinin yeni binasının təməli qoyulub.

Gürcüstan Hökumət Aparatının mətbuat xidməti qeyd edir ki, yaxın vaxtlarda Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi üçün binanın tikintisinə başlanacaq.

Bundan əlavə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezident İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüşdən sonra, mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir.

“Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”, prezident deyib.

Energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlığa toxunan prezident bildirib ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır.

İlham Əliyev bəyanatda vurğulayıb ki, keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.

“Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”, İlham Əliyev vurğulayıb.

O həmçinin Gürcüstanla birlikdə yaşıl enerji , Orta Dəhliz layihəsini xatırladaraq, Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynadığını bildirib.

“Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq”, İlham Əliyev əlavə edib.

Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcək.

“Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik. Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq” Kobaxidze bildirib.

O, iqtisadi-ticari sahənin də vacib olduğunu qeyd edərək, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır.

“Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq", Baş nazir əlavə edib.