Beynəlxalq Narahat Alimlər Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq tədqiqatçı İqbal Əbilovun azad edilməsinə çağırıb.
Komitə Əbilovun həbsinin “COP29 ərəfəsində Ermənistan akademikləri ilə birgə Azərbaycanda mövcud olan etnik azlıqlar üzərində araşdırması ilə əlaqədar ola biləcəyindən” narahatlıq ifadə edib.
Akademiklər Əbilovun saxlanılma şəraitindən də narahatlıq ifadə edərək onun azadlığa buraxılmalı və Belarusa qayıtmalı olduğunu, həmçinin işlə bağlı sənədlərlə vəkillə birgə tanış olaraq normal hüquqi yollardan istifadə edə bilməsinin vacibliyini vurğulayıblar.
“Əbilovun araşdırmaları dövlət üçün heç bir təhlükə yaratmır və onun həbsi Azərbaycanı müsbət tərəfdən göstərmir. Əslində bu, Azərbaycanın təbliğ etməyə çalışmalı olduğu akademik azadlıq və demokratik prinsiplərə ziyan vurur”, məktubda qeyd edilir.
Komitə məktubun surətlərini həmçinin Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenə, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimə və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova ünvanlayıb.
Etnik talış olan, talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov 2024-cü il iyulun 22-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 19-da Səbail Rayon Məhkəməsi həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
DTX həbslə bağlı rəsmi açıqlama verməsə də, Azərbaycanın hökumətyönlü xəbər saytları Əbilov barəsində yazılar tirajlayaraq onu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndiriblər.
Əbilov bu ittihamları rədd edib. Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.
İnsan hüquqları təşkilatları Əbilovun həbsinin siyasi motivli olduğunu vurğulayıb, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası da daxil olmaqla, çoxsaylı beynəlxalq təşkilatlar onun azad edilməsinə çağırıblar.
Rəsmi Bakı isə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, ölkədə bütün hüquq və azadlıqların qorunduğunu bəyan edir.