Zelenski: Əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verən Ukrayna Prezidenti Volodimir Zelenski hadisədən Rusiyanın məsuliyyət daşıdığını deyib.

““Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm. Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir”, Zelenski X səhifəsində yazıb.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həyatını itirib.

“Reuters” istintaqla tanış olan dörd mənbəyə istinadən yazıb ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bu barədə Azərbaycanın yerli mediası da yazıb.

“Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir. Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik”, Ukrayna Prezidenti qeyd edib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha da günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ədalətli və qərəzsiz araşdırmaya çağırıb.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir. Azərbaycana başsağlığı veririk. Rusiya mətbuatının qəzanın səbəbi ilə bağlı yalan söyləməsi və Rusiyanın zədələnmiş təyyarəni, çox güman ki, cinayətlərinin sübutunu gizlətmək məqsədi ilə dənizdən keçməyə məcbur etməsi diqqət çəkir”, Sibiha X səhifəsində qeyd edib.

Rusiya, Azərbaycan və Qazaxıstanın hakimiyyət orqanları təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml istintaqın yekunlarına qədər “heç bir fərziyyə qurmaq fikrində deyil”