"Ataxan" adı İran Qeydiyyat Təşkilatının təsdiqlənmiş adlar siyahısına daxil edilmir

Sufiyan şəhərinin qeydiyyat idarəsi

İran Qeydiyyat Təşkilatı, daha əvvəl məhkəmə hökmü ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur olduğu türk adlarına yenidən şəxsiyyət vəsiqəsi verməməkdə israr edir. Daha əvvəl "Ataxan" adı ilə şəxsiyyət vəsiqəsi verilməsinə baxmayaraq, Şəbistər şəhərində bu adla vəsiqə almaq istəyən ailə 13 ay ərzində problemlə üzləşib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, İran Azərbaycanının Şəbistər şəhərində bir uşağa "Ataxan" adı ilə şəxsiyyət vəsiqəsi verilməməsi ailəni çətin vəziyyətə salıb. Bir ildən artıq davam edən bu bürokratik gecikmə, türk adlarına qarşı tətbiq edilən məhdudiyyətlər çərçivəsində qiymətləndirilir.

Hadisə Şəbistərdə 20 noyabr 2023-cü ildə doğulan bir körpə ilə bağlıdır. Valideynlər övladları üçün "Ataxan" adını seçsələr də, Şəbistər rayonunun Sufiyan şəhərinin qeydiyyat idarəsi bu adı qəbul etməyib. Adın müvafiq adlar siyahısına daxil edilmədiyi bildirilib.

2022-ci ilin yanvar ayında Təbrizdə bir ailə, dörd illik hüquqi mübarizədən sonra Təbriz Qeydiyyat İdarəsini "Ataxan" adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur etmişdi. Qanun çərçivəsində həmin idarə, məhkəmə hökmündən sonra adı təsdiqlənmiş adlar siyahısına daxil etməli idi. Lakin bəzi ailələr bunun yerinə yetirilmədiyini və daha əvvəl şəxsiyyət vəsiqəsi verilmiş adları belə uşaqlarına qoymaqda çətinlik çəkdiklərini bildirirlər. Bu adların təsdiqlənmiş siyahılara daxil edilməməsi, gələcəkdə digər ailələrin də eyni problemlərlə üzləşməsinə səbəb olur.

Uzun illərdir davam edən bu məhdudiyyətlər sadəcə ad seçimi məsələsi deyil. Hüquq müdafiəçiləri bunu dil və mədəni hüquqların pozulması kimi dəyərləndirirlər. Valideynlər illərlə çətin hüquqi prosedurlardan keçərək, uşaqlarına türk adları ilə vəsiqə almağa çalışırlar.

SEE ALSO: Şərqi Azərbaycan vilayətində populyar adlar siyahısında türk adlar var

Türk adlarının bəzi hallarda rəsmi siyahılarda yer almaması valideynlər üçün şəxsiyyət vəsiqəsi almaq prosesini çətinləşdirsə də, son illərdə bu adlar İranın Azərbaycan vilayətlərində populyar adlar siyahısında öz yerini tapıb.