Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Fransa vətəndaşı Klerk Teo Hüqonun şikayətini təmin etməyib. Bu ilin martında o, digər iki əcnəbi ilə birlikdə Bakı metropolitenində metro vaqonlarına qraffiti çəkib
Cinayət işi üzrə Fransa vətəndaşı Klerk Teo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Sentu Kventin İsmael və Avstraliya vətəndaşı Han Pol istintaqa cəlb edilib.
Hadisədən sonra hər üç şəxs inzibati qaydada həbs edilib, lakin sonradan prokuror bu qərara etiraz edib və onlar cinayət işi üzrə cəlb ediliblər. Eyni zamanda, istintaq müddətində Fransa vətəndaşı həbsdə qalıb, digər iki nəfər azadlıqda olub.
Hər üç şəxs sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib.
Sentyabrın 19-da məhkəmə Fransa vətəndaşını 3 il müddətinə azadlıqdan məhrum edib, İsmael və Pol isə 6800 manat (3500 avroya yaxın) cərimələnib. Sonradan ikisi apellyasiya şikayətlərini geri götürüb.
Xarici vətəndaşlar özlərini təqsirli bilməyib. Onlar məhkəmədə bildirib ki, üç dost olaraq, müxtəlif ölkələrə səyahət edirlər, başqa yerlərdə də qraffiti ilə məşğul olublar. Düşünməyiblər ki, Azərbaycanda vaqonun üstündə rəsm çəkməyə görə xuliqanlıqda ittiham edilib, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Klerk Teqo Hüqo bildirib ki, o, cinayət törətməyib və zərər vurmaq niyyəti də olmayıb. O hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərdəki gərginliyə görə onu cəzalandırır.
"Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik", o deyib.
İyunun 11-də rəssam Klerk Teqo Hüqo Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
"Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Mən narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də deyiləm. Mən cinayətkar deyiləm, sadəcə, sənətkaram. Artıq iki aydır ki, həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir", Klerk Teqo Hüqo müraciətində yazıb.