Accessibility links

Bakı metrosuna qraffiti çəkən xarici vətəndaşlarla bağlı məhkəmə başlayıb


"Bakmil" metrostansiyasında çəkilən qraffiti
"Bakmil" metrostansiyasında çəkilən qraffiti

Bu ilin aprel ayında "Bakmil" metrostansiyasında qraffiti çəkdiyi üçün həbs olunan Fransa vətəndaşı Clerc Theo Huqo, Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quentinin məhkəməsi başlayıb.

Təqsirləndirilən şəxslərdən 1986-cı il təvəllüdlü qraffiti rəssamı Teo Klerk (Theo Clerc) barəsində həbs qətimkan tədbiri seçilib, digər iki nəfər – 1994-cü il təvəllüdlü İsmael De Saint Quenti və əslən Cənubi Koreyadan olan, 1992-ci il təvəllüdlü P.Han Paul barəsində isə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Vəkil Elçin Sadıqov bildirib ki, təqsirləndirilən şəxslərin hər üçü maddi ziyanı ödəyiblər. Sadıqovun sözlərinə görə, Han Paul və İsmael De Saint Quentinin aylardır Azərbaycanda işsiz, maddi baxımdan gəlirsiz vəziyyətdə qalıblar, onların Azərbaycanda yaxını olmadığına görə çətinlik çəkirlər. Vəkil qeyd edib ki, onlar ölkələrinə qayıdıb, videokonfrans vasitəsilə məhkəmədə iştirak edə bilərlər.

Teo Klerkə gəlincə, vəkil bildirib ki, o, həm ziyanı, həm də onun 25 faizi qədər məbləği – ümumilikdə 11 min 755 manat dövlət büdcəsinə pul ödəyib. Vəkil vurğulayıb ki, ekspertiza keçirilib, vaqonun üstünə çəkilmiş rəsmlərin silinməsinin mümkünlüyü yoxlanmalı idi.

Sadıqov əlavə edib ki, qraffiti bütün dünyada məşhurdur. Gənclərin küçələrdə divarlara, müxtəlif obyektlərin, qatarların üstünə rəsm çəkməsi adi hərəkət kimi qəbul olunur, buna görə şəxsi həbsdə saxlamaq əsassızdır.

Hakim Gültəkin Əsədova müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə – ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İttihama əsasən, onların hərəkəti nəticəsində metropolitenə maddi ziyan dəyib, qatarı xətdən çıxarmaq məcburiyyətində qalıblar və nəticədə metronun hərəkət qrafikində problem yaranıb, sıxlıq olub və s.

Xarici vətəndaşlar isə özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə bildirib ki, üç dost olaraq, müxtəlif ölkələrə səyahət edirlər, başqa yerlərdə də qraffiti ilə məşğul olublar. Düşünməyiblər ki, Azərbaycanda vaqonun üstündə rəsm çəkməyə görə xuliqanlıqda ittiham edilib, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

38 yaşlı Teo Klerk bildirib ki, o, cinayət törətməyib və zərər vurmaq niyyəti də olmayıb. Hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərdəki gərginliyə görə onu cəzalandırır:

"Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil axı. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik".

Hakim məzuniyyətə getdiyinə görə məhkəmə prosesi sentyabrın 10-na qədər təxirə salınıb.

Hüqo martın 28-də qraffiti çəkdiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən 4 min 600 manat cərimə edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.

Aprelin 2-də Yasamal Rayon Məhkəməsi Hüqo haqqında 3 ay həbs qətimkan qərarı çıxarıb. Olunla birgə saxlanılan Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlar sərbəst buraxılıblar və hazırda polisin nəzarətində olduğu deyilir.

İyunun 11-də rəssam Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib:

"Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Mən narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də deyiləm. Mən cinayətkar deyiləm, sadəcə, sənətkaram. Artıq iki aydır ki, həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir".

Martın 30-da məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırılmalarına baxmayaraq, sonradan eyni əmələ görə onların haqqında cinayət işi başlanıb.

Forum

XS
SM
MD
LG