Oktyabrın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Bakı metrosunun deposuna daxil olaraq bir neçə vaqona qraffiti çəkməkdə ittiham olunan Fransa vətəndaşı Klerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun barəsində olan hökmdən verilən şikayət üzrə ilkin baxış olub.
Məhkəmə baxışı oktyabrın 28-nə təyin edilib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması və həbsdə olan Fransa vətəndaşı Klerk Theqo Hüqo barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlərini məhkəmə təmin etməyib.
Onun sözlərinə görə, təqsirləndirilən De-Saint Quentin İsmael və Han Paul apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib. Məhkəmə onların apellyasiya şikayətinə xitam verib.
“De-Saint Quentin İsmael və Han Paul məhkəmədə bildirdi ki, Miqrasiya Xidmətinin əməkdaşları onlarla görüşdükdən sonra apellyasiya şikayətindən imtina barədə qərara gəliblər. Görüşün detalları barədə məlumat vermədilər”, vəkil qeyd edib.
Hər üç şəxs sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib.
Məhkəmə metro qatarının üzərinə qraffiti çəkilməsini xuliqanlıq və ağır nəticələrə səbəb olma, özgə əmlakını zədələmə kimi qiymətləndirib. Fransa vətəndaşı 3 il azadlıqdan məhrum etmə cəzası ilə, digərləri isə 6 min 800 manat cərimə cəzası ilə cəzalandırılıb.
Xarici vətəndaşlar özlərini təqsirli bilməyib. Onlar məhkəmədə bildirib ki, üç dost olaraq, müxtəlif ölkələrə səyahət edirlər, başqa yerlərdə də qraffiti ilə məşğul olublar. Düşünməyiblər ki, Azərbaycanda vaqonun üstündə rəsm çəkməyə görə xuliqanlıqda ittiham edilib, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Klerk Teqo Hüqo bildirib ki, o, cinayət törətməyib və zərər vurmaq niyyəti də olmayıb. O hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərdəki gərginliyə görə onu cəzalandırır.
"Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik", o deyib.
Martın 30-da məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırılmalarına baxmayaraq, sonradan eyni əmələ görə onların haqqında cinayət işi başlanıb.
Hüqo martın 28-də qraffiti çəkdiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən 4 min 600 manat cərimə edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.
Aprelin 2-də Yasamal Rayon Məhkəməsi Hüqo haqqında 3 ay həbs qətimkan qərarı çıxarıb. Onunla birgə saxlanılan Avstraliya vətəndaşı Han Paul və Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlar sərbəst buraxılıblar və polisin nəzarətinə alınıblar.
İyunun 11-də rəssam Klerk Teqo Hüqo Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
"Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Mən narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də deyiləm. Mən cinayətkar deyiləm, sadəcə, sənətkaram. Artıq iki aydır ki, həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir", Klerk Teqo Hüqo müraciətində yazıb.
Forum