Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı dekabrın ilk həftəsində Azərbaycanda "Meydan TV" jurnalistlərinin həbsini pisləyib.
“Azərbaycanda COP29-un keçirilməsindən iki həftə sonra yeni həbs dalğası çərçivəsində azı altı jurnalist saxlanılıb. Biz son həbsləri pisləyirik. Azərbaycan hakimiyyətini jurnalistləri və media işçilərini dərhal azad etməyə çağırırıq.
Biz COP29-dan sonra repressiyalardan ehtiyatlanırdıq və indi BMT konfransının iştirakçısı olan dövlətləri Azərbaycanda - hələ də COP29 sədri vəzifəsini tutan ölkədə davam edən təqiblərə reaksiya verməyə çağırırıq", təşkilatın bəyanatınbda deyilir.
"Müstəqil jurnalistlərin, o cümlədən "Meydan TV" əməkdaşlarının sonuncu həbsləri bir il əvvəl başlamış və müstəqil tənqidi səslərin boğulmasına yönəlmiş repressiyaların tərkib hissəsidir" - deyə, Amnesty International qeyd edir.
Bundan əlavə Article19 beynəlxalq jurnalist təşkilatı Azərbaycanda jurnalistlərin yeni həbslərini pisləyib.
"Bakıda iqlim sammitindən bir neçə həftə sonra ən az 7 jurnalist saxlanılıb - onların əksəriyyəti "Meydan TV"nin əməkdaşıdır. Repressiyalar Azərbaycanın tənqid və fərqli düşüncəyə dözümünün olmaması haqqında yeni bir xatırlatmadır. Biz mətbuat azadlığına qarşı təzyiqlə mübarizəni davam etdirməliyik", təşkilat X sosial şəbəkəsindəki hesabında yazıb.
Azərbaycan höküməti bu deyilənələrə hələlik şərh etməyib.
Rəsmi Bakı isə fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, "Meydan TV" əməkdaşlarının saxlanılması əsaslı şübhələr fonunda həyata keçirilib və bu prosesin jurnalistika fəaliyyəti ilə heç bir bağlılığı yoxdur.
Xatırlatma
Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.