Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiuk Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə dövlətlərarası əlaqələrin vəziyyəti və Ali Rada ilə Milli Məclisin yeni seçilmiş deputatları arasında sıx əməkdaşlığın təşviqini müzakirə edib.
Bu barədə Olena Kondratiuk X Platformasında məlumat yayıb.
“Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi ilə bağlı hər iki ölkənin dəyişməz mövqeyi vurğulandı. Biz Azərbaycana Ukraynaya enerji sahəsində göstərilən humanitar yardıma və təhsil müəssisələrinin bərpasına görə minnətdarıq. Biz Azərbaycanın müharibədən zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası üzrə səylərini yüksək qiymətləndiririk. Bu il Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yardımı ilə üç qrup ukraynalı uşaq məzuniyyətdə qonaqpərvərliklə qarşılanıb. Ümumilikdə bu ölkədə 180-dən çox ukraynalı uşaq sosial və psixoloji reabilitasiyadan keçib. Ümid edirik ki, 2025-ci ildə Azərbaycanda müharibənin ukraynalı uşaqları üçün istirahət və reabilitasiya proqramını davam etdirəcəyik. Biz cənab səfirlə razılaşdıq ki, bu istiqamətdə səyləri əlaqələndirməyə davam edək”, o qeyd edib.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 214 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpin şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb. Bu ilin oktyabrında İrpin şəhərinin 4 yenidənqurma layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəyi bəyan edilib.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırılıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.
Rəsmi məlumatlara görə, Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə 1 milyard 82 milyon dollar səviyyəsində olub. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir ay öncə, 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı iki ölkə prezidenti 2024-cü ilədək ticarət həcminin iki dəfə artırılması barədə razılığa gəlib. Lakin, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqələrdə fasilələr yaranıb.
Buna baxmayaraq, 2024-cü ilin ilk 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 22 faiz artaraq 335 milyon dollara yaxın olub.
2024-cü il sentyabrın 30-da Azərbyacanın işğaldan azad edilmiş Laçın şəhəri ilə Ukraynanın İrpin şəhərlərinin qardaşlaması haqqında memorandum imzalanıb.