"Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasına yaxınlaşmışıq".
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında bildirib.
Cənubi Qafqaz regionunda sülhün bərqərar olacağına ümid işığının olduğunu deyən Hakan Fidan Azərbaycan-Ermənistan sülhünün bərqərar olmasında yaxın nöqtəyə gəlindiyini və Türkiyənin bütün səyləri dəstəklədiyini bildirib.
Fidan xatırladıb ki, Türkiyə 2025-ci ildə NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısına və 2025-ci ildən sonra NATO Zirvəsinə ev sahibliyi edəcək.
Bu yaxınlarda ATƏT Nazirlər Şurasının 31-ci iclası olub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Nazirlər Şurasının 31-ci iclasındakı bəyanatında deyilir ki, ATƏT Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıb.
Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub.
Nazirin fikrincə, nailiyyətlər birbaşa ikitərəfli danışıqların Azərbaycanın ardıcıl olaraq mübarizə apardığı normallaşma prosesində irəliləməyin ən yaxşı və yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.
Nazir hesab edir ki, Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir.
“Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik”, Bayramov bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Milli Assambleyada hökumət saatında deyib ki, Yerevan və Bakı sülh müqaviləsi layihəsi üzərində işi intensivləşdirəcək.
“İşin 90%-i görülüb, son səyləri göstərmək və sülh müqaviləsini imzalamaq qalır”, o qeyd edib.
O xatırladıb ki, Ermənistan Milli Assambleyası Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiqləyib, qarşılıqlı razılaşma əsasında növbəti günlərdə delimitasiya prosesinə başlanmalıdır.
“Mən Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm”, Paşinyan bildirib.
O, 2021 və 2022-ci illərdə Ermənistanın “200 kvadrat kilometrdən çox ərazisinin tutulduğunu” xatırladıb.