İnsan Hüquqları Günündə Azərbaycanda həbs olunmuş jurnalistlər və fəallar diqqət mərkəzindədir

10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür.

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur.

Müstəqli müşahidəçilərin fikrincə, 2024-cü il Azərbaycanda daha çox ictimai-siyasi, insan hüquqları fəallarının və jurnalistlərin həbsi ilə yadda qalıb. Belə ki, yerli hüquq müdafiəçiləri hazırda ölkədə 319-dan çox insanı siyasi məhbus kimi tanıyır.

Bununla yanaşı, Azərbaycanın dövlət rəsmiləri ölkədə siyasi məhbusların olmadığını bildirir. Rəsmi Bakı fundamental insan hüquqlarının tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini və qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəsmiləri tənqidləri qəbul etməsə də beynəlxalq səviyyədə Azərbaycanda insan hüquqlarının pozulması halları il ərzində ən çox tənqidə məruz qalan sahə olub.

Hazırda hüquq müdafiəçiləri Bəxtiyar Hacıyev, Rüfət Səfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, hüquq eksperti Ələsgər Məmmədli, təhlilçilər Azər Qasımlı, Emin İbrahimov, siyasi liderlərdən Tofiq Yaqublu, Akir Qurbanov, Ruslan İzzətli, tənqidi media sahəsində qabaqcıl mövqedə olan “Abzas Media”, “Toplum TV”, “Meydan TV”, “Kanal 13”, “Kanal 11” internet nəşrlərinin 20-dən çox əməkdaşı həbsdədir. Hökumət rəsmiləri jurnaistlərin və hüquq müdafiə fəallarının bir araşdırma çərçivəsində saxlanıldığını bildirir.

Dekabrın 9-da “Abzas Media” nəşrinin baş redaktoru Sevinc Vaqifqızı korrupsiyaya qarşı mübariz sahəsində araşdırmalarına görə, dekabrın 10-da isə hüquq müdafiəçisi Rüfət Səfərov insan hüquqları sahəsində cəsarətli mübarizəsinə görə ABŞ Dövlət Departameninin mükafatlarına layiq görülüb.

Rüfət Səfərov - hüquq müdafiəçisi

Rüfət Səfərov həbsxana divarları arxasından dünayada hüquq müdafiə liderlərinə müraciət edib

Həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızı Amerikanın Səsinə deyib ki, oğluna insan hüquqlarının müdafiəsi sahəsində cəsarətli fəaliyyətinə görə ABŞ hökuməti tərəfindən dəyər verildiyinə görə qürurludur, sevinc hissi keçirir.

Dekabrın 10-da ABŞ Dövlət Departamentində İnsan Hüquqları Müdafiəsi ilə bağlı keçirilən mərasimdə insan hüquqlarının təşviqində liderlik, cəsarət və təsir nümayiş etdirdiyinə görə hüquq müdafiəçisi Rüfət Səfərova mükafat təqdim edilir. Rüfət Səfərov mükafatın təqdimatına bir neçə gün qalmış, dekabrın 3-də həbs edilib.

Həbsindən sonra Rüfət Səfərov onun adından sosial media hesabında yayılan bəyanatda bildirib ki, ABŞ-da mükafatın şəxsən ona təqdim edilməməsi üçün həbs edilib.

“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.

Səfərovun anası Tahirə Tahirqızı Amerikanın Səsinə deyib ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günündə oğlu həbsxanadan ailəsinə zəng edib.

“Mən Rüfətin anası mükafata görə onun adından Amerika hökumətinə təşəkkür edirəm. Rüfətin özü də telefon danışığı zamanı onun təşəkkürünü çatdırmağı məndən xahiş etdi. Bütün dünya da, Azərbaycan xalqı da bilir ki, Rüfət Səfərov haqq-ədalət uğrunda mübarizə aparan şəxsdir. Mən ana kimi onunla qürur duyuram. Ona dəstək olan insanlara minnətdaram. Dünyada Rüfətin fəaliyyətinə qiymət verən, ona mənəvi dəstək olan bütün insanlara, dünya liderlərinə təşəkkür edirəm”, o qeyd edib.

Anası bildirib ki, Rüfət Səfərov həbsdə olmasına baxmayaraq, telefon danışığı zamanı onun təbriklərinin dünya ictimaiyyətinə çatdırılmasını xahiş edib.

“O, dünyada insan haqları uğrunda mübarizə aparan insanları, həmçinin mükafata layiq görülən insan haqları liderlərini təbrik etdi. O, əzilmiş insanların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən zövq alır və qürur duyur. Dünyada insan hüquqları uğrunda mübariz insanları da fəaliyyətlərini daha əzmlə davam etdirməyə çağırdı. O dedi ki, insan hüquqlarını müdafiə etmək çətin işdir. Daim onları susdurmaq istəyirlər. Amma həbslər, təqiblər bu insanları susdura bilməz. O xüsusilə qanunlar, mənəviyyat, insan hüquqları tapdanan ölkələrdə məhrumiyyətlərə baxmayaraq əzmkar hüquq müdafiəçilərinə xüsusi təşəkkür etdi. Rüfət bu mübariz hüquq müdafiəçilərini daha da mübariz olmağa çağırdı. O həmçinin son münaqişələr zamanı hüquqları pozulan, qaçqınlıq məhrumiyyələrini yaşayan insanlara müraciət edərək dedi ki, sonda ədalət qalib gələcək”, ana oğlu ilə telefon danışığından sonra Amerikanın Səsinə deyib.

Sevinc Vaqifqızı

Sevinc Vaqifqızının anası: Qızıma ölkəsində dəyər verilmir, Amerikada ona mükafat verirlər

Hazırda həbsdə olan korrupsiyaya qarşı mübarizə üzrə ABŞ Dövlət Departamentinin mükafatının qalibi Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova Amerikanın Səsinə deyib ki, Sevincin və şərlənərək həbsdə olan bütün insanların azadlığını istəyir.

“Jurnalistlər bir ildir ki, günahsız yerə həbsdədir”, o deyib.

Dekabrın 9-da ABŞ Dövlət Departamentində Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə keçirilən Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günündə həbsdə olan azərbaycanlı jurnalist Sevinc Vaqifqızı dünyada korrupsiyaya qarşı mübarizə üzrə 10 çempiondan biri kimi mükafata layiq görülüb. Dövlət katibi Antoni Blinkenin sözlərinə görə, onlar “öz vətəndaşları üçün daha ədalətli və şəffaf dünya yaratmağa imkan verən islahatlara və tədqiqatlara rəhbərlik ediblər və ya onların tərəfdarı kimi” çıxış ediblər.

“ABŞ Dövlət katibi çox sağ olsun ki, mənin övladıma o cür qiymət, dəyər verir. Öz ölkəsində dəyər verilmir, amma Amerika hökuməti ona dəyər verir. Azərbaycanda ona dəyər verən yoxdur, onu həbs ediblər”, ana qeyd edib.

Jurnalsitin anası dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanda “haqsız həbsdə olanların azad edilməsini tələb etmələrini” xahiş edib.

“Azərbaycan hökumətinə qalsa onları ömürlük həbsdə saxlayacaq”, Ofelya Məhərrəmova qeyd edib.

Millət vəkili Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov: Bölgədə insan haqlarının ən səmimi müdafiəçisi Azərbaycan dövlətidir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə deyib ki, ilk növbədə dünya insan haqları amilinə birmənalı şəkildə səmimi yanaşma nümayiş etdirilməlidir.

“Biz Azərbaycana münasibətdə eyni yanaşmanın şahidi deyilik. Bərabərlik hüququndan danışırıqsa, eyni zamanda hüququn aliliyindən danışırıqsa, jurnalist, siyasətçi və yaxud hər hansı digər peşə sahibi olmaq niyə ayrıseçkilik olmalıdır? Ortada səhih, təkzib olunmaz sübutlara əsaslanan real şübhələr varsa, hər hansı şəxsin peşəsi həmin şübhələrin araşdırılmasına niyə mane olmalıdır? Məsələn, bu günlərdə Meydan Televiziyası ilə bağlı bir məsələ qalxıb, Meydan Televiziyası kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə görə biz niyə onlara jurnalistdir deyə susmalıyıq, bəs hardadır hüquqilik, harda qalır bərabərlik? Eyni zamanda kimsə siyasi fəaliyyətlə məşğul olursa, kimsə hansısa partiyanın üzvüdürsə, kimsə “facebook”da özündən başqa heç kimin oxumadığı müəyyən bir paylaşım edirsə və bunu siyasi fəaliyyət kimi təqdim edirsə, bu şəxs barəsində olan əsas şübhələri araşdırmayaq?” o qeyd edib.

O, insan haqları günündə ölkədəki qaçqın və məcburi köçkünləri hüquqlarının müdafiəsini vacib sayır.

“30 il ərzində milyon yarımdan artıq azərbaycanlının haqqını görməzdən gələnlər, bu gün 4 mindən artıq soydaşımızın hələ də itkin düşməsi ilə bağlı bir kəlmə danışmayanlar, mina təhlükəsindən danışmayanlar, 350 mindən artıq Qərbi azərbaycanlıların öz yurd-yuvasına qayıda bilməməsini deməyənlər bu gün Azərbaycanın hər hansı bir vətəndaşının işini siyasiləşdirib onu müdafiə etməkdə nə qədər səmimi ola bilərlər?” o sual edib.

Deputatın firkincə, reallıqlar göstərir ki, bu bölgədə insan haqlarının “elə ən səmimi müdafiəçisi Azərbaycan dövlətidir, Azərbaycan dövlətinin rəhbəridir”.

“Bir milyon insanın təməl hüquqlarını bərpa etmiş, eyni zamanda dünyada çoxsaylı proseslərə qlobal liderlik nümayiş etdirmiş, vaksin millətçiliyinin qarşısı alınması istiqamətində, müstəmləkəçiliklə mübarizədə proseslərinə liderlik etmiş Azərbaycan, təbii ki, praktik olaraq insan haqlarına öz töfhəsini verib və bu mənada biz artıq kiminsə nağıllarını dinləmək niyyətində deyilik”, o qeyd edib.

Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

Ələsgər Məmmədli: Həbsxanalarda məhkumluq həyatı yaşayan insanların çoxu təqsirsizdir

Hazırda həbsdə olan media məslələri üzrə ekspert Ələsgər Məmmədli müraciətində bildirir ki, müstəqil Azərbaycan həm haqqın, həm də hüququn ən çox pozulduğu, boğulduğu, böhranlı dövrünü yaşayır.

“Təəssüf ki, ölkədə əksər vətəndaşlarımız hüquqsuzluqdan əziyyət çəkir. Həbsxanalarda məhkumluq həyatı yaşayan insanların çoxu təqsirsizdir. Ölkədə balanslı, müstəqil media nümunələri ağır sınaqla üzləşib. Həm tənqidi xarakterini qorumaq, həm də balanslı olmaq asan deyil. Buna cəhd edən jurnalistlərin çoxu hazırda həbsxana divarları arasındadır. Peşəkar mediaların qapısına kilid vurulduqca, tənqidçi jurnalistlər susdurulduqca, vətəndaş cəmiyyəti fəalları təqib olunduqca, boşalan meydanı dolduranlar qeyri-peşəkarlar olacaq və söyüş ritorikasının miqyası artacaq”, o bildirib.

Ələsgər Məmmədli hesab edir ki, insan haqları günü ərəfəsində siyasi motivli həbs dalğasının artması olduqca üzücüdür.

“Saxta sübutlarla, qondarma ittihamlarla son vaxtlar həbs olunan şəxslərin əksəriyyəti bu ölkənin ən dəyərli insanlarıdır. Baş verənlər dövlət və cəmiyyət üçün normal hal deyil. Dərhal, yaralar dərinləşmədən bu prosesi durdurmaq zəruridir. Plüralist bir cəmiyyətdən uzaqlaşmaq vətəndaşlarımıza və dövlətimizə nəzərəçarpacaq zərərlər vurur və vuracaq. Dövlət sükanını əllərində tutanlar insan ləyaqətini qoruyan universal dəyərlərin təminatçısı olduqlarını unutmamalıdır”, o qeyd edib.

Elşən Həsənov

Elşən Həsənov: Yeni siyahıda azı 329 şəxsin siyasi məhbus kimi adı keçəcək

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, yaxın günlərdə siyasi məhbsuların yeni syahısı açıqlanacaq.

“Yeni syahıda azı 329 şəxsin siyasi məhbus kimi adı keçəcək. Çünki son zamanlar siyasi motivli həbslərin sayı o qədər artıb ki, siyahı hər gün dəyişir. Çox təəssüf ki, yenə jurnalistlər, fəallar həbs olunur”, o qeyd edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, dünyanın aparıcı təşkilataları, o cümlədən Avropa Birliyi, Avropa Parlamenti, ABŞ Dövlət Deparatmenti Azərbaycanda insan hüquqlarının durumunu mənfi qiymətləndirir və haqsız həbs edilınlərin azadlığa buraxılmasını tələb edir.

“Azərbaycan artıq dünyada insan hüquqlarını pozduğuna görə mənfi imic qazanıb. Balaca bir ölkədə 300-dən çox siyasi məhbusun olması “mənfi” bir rekorddur. İş o yerə gəlib ki, kimsə ağzını açıb nə isə kiçik bir tənqidi fikri söyləyirsə hansısa maddə ilə həbs edirlər”, hüquq müdafiəçisi qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Anar Məmmədli: Böhranın əsas göstəricisi yüzlərlə insanın siyasi repressiyaya məruz qalmasıdır

Hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli İnsan Hüquqları Günü münasibəti ilə bağlı müraciətində bildirir ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününün ildönümü ölkədə növbəti dəfə insan hüquqlarının müdafisində böhranla müşayiət olunur.

“Mövcud böhranın əsas göstəriciləri sırasında yüzlərlə vətəndaşımızın tənqidi fikirlərinə görə siyasi repressiyaya məruz qalması, dövlətin ifadə azadlığına barışmaz münasibəti, məhkəmə-hüquq sisteminin ədalətsizliyi, vətəndaşların ləyaqətli və firavan həyat arzusu ilə ölkədən kütləvi şəkildə köçməsi halları yer alır. Belə acınacaqlı vəziyyətdə yeganə təsəllimiz - insan hüquqlarını təbliğ və müdafiə edənlər arasında siyasi təkamül yolu ilə ölkəmizin dəyişəcəyinə inamın sarsılmamasıdır. Özünün haqları ilə yanaşı başqalarının da hüquqlarını müdafiə edən vətəndaşlarımızın sayı tükənməyincə, ölkəmizdə insan hüquqları uğrunda mübarizə başa çatmayıb. Bu mübarizədə məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir. İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir. Bu prosesə töhvə verən hər kəsə uğurlar arzulayıram!” o qeyd edib.

Vəkil Rövşanə Rəhimli

Rövşanə Rəhimli: Tam ədalətsizlikdir

İnsan hüquqları sahəsində ixtisaslaşan vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, insan hüquqları ilə bağlı əlavə şərhə ehtiyac yoxdur.

“Vəziyyətin yaxşılaşdırılması ilə bağlı nə etməliyik? Ediləcək bir şey yoxdur. Tam ədalətsizlikdir. Azər Qasımlı barəsində bir gün ərzində açılmış cinayət işi üzrə 4 aylıq həbs qətimkan tədbiri seçildi. Bir gün ərzində şikayət araşdırılır və belə bir qərara gəlirlər. Sadəcə gülməlidir. Qeyri-siyasi işlərdə aylarla, illərlə biz ayaq döyürük hüquq mühafizə orqanlarında işi normal araşdırsınlar. Cinayətkar cəzalansın. Barəsində tədbir görülsün. İstər dələduzluq, istər hədə ilə tələbetmə və ya digər işlər olsun. Amma belə işlərdə gördüyümüz odur ki, bir gün ərzində şikayət olunur və cinayət işi başlanır. Şəxs heç bir sübut olmadan, əsas olmadan, fakta söykənmədən həbs olunur. Yəni budur. Dəhşətli vəziyyətdir”, vəkil Amerikanın Səsinə deyib.

Seymur Həzi-AXCP sədr müavini

Seymur Həzi: İnsan haqları müstəqillik tarixinin ən böhranlı vəziyyətindədir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə deyib ki, Azərbaycanda insan haqlarının vəziyyəti müstəqillik tarixinin ən böhranlı vəziyyətindədir.

“Düzdür güllələnmə yoxdur, amma bu vəziyyəti 1930-cu illərlə müqaisə etmək olar - kim harada, hansı maddə ilə şərlənəcəyini bilmir. Vəziyyətdən çıxış yolu cəmiyyətin siyasi avtoritarizmə qarşı dinc və mütəşəkkil etirazıdır. Yazmaq, danışmaq, etiraz etmək vacibdir. Hakimiyyət hər kəsi susdursa, düşünəcək ki, belə “rahat”dırsa, belə də lazımdır”, o qeyd edib.

Hüquq müdafiəçisi Samir Kazımlı

Samir Kazımlı: Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmalıdır

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə deyib ki, Azərbaycanda uzun illərdir insan hüquq və azadlıqları pozulur.

“İnsan haqlarını pozan şəxslər isə demək olar ki, çox vaxt cəzasız qalıblar. Azərbaycan hakimiyyəti fürsət yaranan kimi insan hüquq və azadlıqlarının pozulmasını, ictimai-siyasi fəallara qarşı repressiyanı sərtləşdirir. Ötən ildən Azərbaycan hakimiyyəti repressiyaları daha da sərtləşdirib, onlarla ictimai-siyasi şəxs saxta ittihamlar və siyasi motivlərlə həbslərə məruz qalıb. Bu da siyasi məhbusların sayının artmasına səbəb olub. Ötən ildən sərtləşən repressiya siyasəti 2014-cü ilin repressiyası zamanı zəiflədilmiş vətəndaş cəmiyyətinə növbəti dəfə ağır zərbə vurur. Artıq insanlar qrup şəklində saxta ittihamlara və həbslərə məruz qalır. Bütün bu hallar beynəlxalq aləmdə insan haqları ilə bağlı mənfi imic qazanmış Azərbaycanın imicini daha da pisləşdirir və bir dövlət olaraq Azərbaycanın ziyanınadır”, o ddeyib.

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmalı, saxta ittihamlarla həbs edilmiş şəxsləri azadlığa buraxmalıdır.

“İnsan haqlarını ali dəyər hesab edən beynəlxalq təşkilatlar, əcnəbi diplomatlar, siyasətçilər isə elan etdikləri dəyərlərə sadıqliklərini nümayiş etdirərək, Azərbaycandakı insan haqları pozuntularına diqqət yetirsinlər, reaksiya versinlər. Qeyd edilən reaksiyalar olsa da, yetərli deyil. Təəssüf ki, əcnəbi diplomatlar, siyasətçilər bəzən Azərbaycan hakimiyyəti ilə ünsiyyətdə demokratiya və insan haqları məsələlərini enerji məsələlərinə qurban verərək arxa plana keçirirlər. Azərbaycan hakimiyyəti ilə bütün mövzulardakı dialoqlarda demokratiya və insan haqları mövzusu prioritet olmalıdır”, Samir Kazımlı bildirib.