"Azərbaycan hakimiyyəti Rüfət Səfərovu dərhal azad etməlidir", hüquq müdafiəçisinin həbsinə beynəlxalq baxış

Rüfət Səfərov-hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Rüfət Səfərovun həbsi beynəlxalq səviyyədə Azərbaycana qarşı tənqidlərlə qarşılanıb. Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ senatoru, Avropa Şurasının həmməruzəçiləri bəyanatlarla çıxış edib.

Amnesty İnternational hüquq-müdafiə təşkilatının bəyanatında deyilir ki, hüquq müdafiəçisi Rüfət Səfərovun həbsi Azərbaycanda fəallara və hökuməti tənqid edənlərə qarşı repressiyaların gücləndiyi bir vaxta təsadüf edir. Bunu Anar Məmmədli və Qubad İbadoğlu kimi fəalları özbaşına həbsi də sübut edir.

“Rüfət Səfərovun qondarma dələduzluq və xuliqanlıq ittihamı ilə həbsi Azərbaycan hakimiyyətinin ölkədə fərqli səsləri susdurmaq üçün amansız səylərinin daha bir parlaq nümunəsidir. Rüfət Səfərovun əsassız həbsi hüquq müdafiəçilərinin işinə xələl gətirmək, ölkədə insan haqlarının vəziyyətinin monitorinqinə mane olmaq, hakimiyyətə həqiqəti söyləməyə cəsarət edən hər kəsi qorxutmaq məqsədi daşıyır. Təsadüfi deyil ki, bu, COP29-un beynəlxalq diqqət mərkəzi Azərbaycandan uzaqlaşan kimi baş verdi”, Amnesty İnternational hüquq-müdafiə təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struthers qeyd edib.

O, Azərbaycan hakimiyyətini Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.

“Səfərov insan hüquqlarını dinc şəkildə müdafiə etməsinə görə saxlanılır. Səlahiyyətlilər ölkədə hər kəsin insan hüquqlarına, o cümlədən ifadə və birləşmək azadlığına hörmət etməli, onları qorumalı, təşviq etməli və yerinə yetirməlidir. Hüquq müdafiəçilərinin və hökuməti tənqid edənlərin təqib edilməsi ədalət prinsiplərini aşındırır və beynəlxalq insan hüquqları standartlarını sarsıdır”, Mari Struthers qeyd edib.

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hökumətini Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.

"Rüfət Səfərov insan hüquqları sahəsində xidmətlərinə görə Dövlət Departamentinin mükafatını almaq üçün gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi, lakin Azərbaycan rejimi onu saxta ittihamlarla həbs etdi", senator qeyd edib.

AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə baş məruzəçi Emanuelis Zingeris (Litva) Rüfət Səfərovun həbsinə münasibət bildirib.

“Dünən Rüfət Səfərovun “dələduzluq” və “xuliqanlıq” ittihamı ilə həbs olunması bu ölkədə hüquq müdafiəçilərinə və fəallara qarşı təzyiqlərin güclənməsinə daha bir nümunədir. Bu, həyəcanverici inkişaf tənqidi səslərin sıxışdırılması və fundamental azadlıqları və demokratik dəyərləri müdafiə etmək üçün çıxış edənləri hədəf alan davamlı modelin bir hissəsidir. Keçmiş müstəntiq olan cənab Səfərov hökuməti tənqid etdiyinə görə artıq repressiyalara məruz qalmış tanınmış hüquq müdafiəçisidir. Təkcə ötən həftə Parlament Assambleyasında Daimi Komitədə “Azərbaycanda repressiyaların intensivləşməsi: siyasi məhbusların vəziyyəti, demokratik azadlıqlara və parlament hüquqlarına təhdidlər” mövzusunda cari məsələlərin müzakirəsi keçirildi. Cənab Səfərovun adının Azərbaycanda onsuz da uzun olan siyasi məhbuslar siyahısına əlavə olunması bizi narahat edir. Biz Azərbaycan hakimiyyətini cənab Səfərovu dərhal azad etməyə və AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Lise Kristofersenin (Norveç, SOC) digər siyasi məhbuslara qarşı bütün qondarma ittihamları ləğv etmək çağırışını təkrar edirik. Biz beynəlxalq ictimaiyyəti bu səylərə qoşulmağa və Azərbaycanda siyasi məhbusların azad edilməsini təmin etmək üçün diplomatik təzyiq göstərməyə çağırırıq”, məruzəçilərin bəyanatında deyilir.

Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Günahı sübuta yetirilsə, Səfərovu 10 ilə qədər həbs gözləyir.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başdan mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.

Rəsmi Bakı hüquq müdafiəçisinin siyasi səbəblərlə saxlanılması barədə bəyanatlara hələ reaksiya verməyib. Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 4-də Bakıda insan hüquqları ilə bağlı keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin “Azərbaycanda jurnalistlər və siyasi fəalların saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd etdiyini” bildirib.

"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir", Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O, bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. Səfərov 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

Səfərov 2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı təsis edilib. O, bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.