Azərbaycan və İran xarici işlər nazirləri birgə təşəbbüs və layihələri müzakirə ediblər

Azərbaycan və İran xarici işlər nazirləri Məşhəddə görüşüb

Dekabrın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İranın Məşhəd şəhərinə səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, səfər çərçivəsində nazir Bayramov Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

O, Azərbaycan tərəfinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın sektoral inkişafı ilə bağlı perspektivlərindən danışıb.

Bundan əlavə, o, xüsusilə “Şimal-Cənub Dəhlizi”, “Şərq-Qərb Transxəzər Orta Dəhliz”, “Rəqəmsal İpək Yolu”, “Bakı-Tbilisi-Qars" dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov İranda səfərdədir

Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgədə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.

Görüşün sonunda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.

Bundan əlavə iclas çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial platformasında hesabında paylaşım edilib.

Məlumata görə, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.

"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətləri üzrə işlərin tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", məlumatda qeyd olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis edilivb. Hazırda Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan bu təşkilatın üzvüdür.

Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.