Accessibility links

Suriyalı üsyançılar və onların müttəfiqləri Hələb şəhərinin bəzi hissələrini ələ keçirib


Monitorinq qrupu və yerli mənbələrin verdiyi məlumata görə, suriyalı üsyançı döyüşçülər hökumət qüvvələri ilə toqquşmaları davam etdiyi bir vaxtda cümə günü Suriyanın ikinci ən böyük şəhəri Hələbdə bir neçə məhəllənin nəzarətini ələ keçirib.

Müharibənin viran qoyduğu ölkə boyu tədqiqatçıları olan Suriya İnsan Hüquqları Müşahidə Qrupu Hələbin qərb hissəsində beş məhəllənin Türkiyənin dəstəklədiyi üsyançılar və əl-Qaidənin keçmiş qolu olan Həyat Təhrir əl-Şamın militantları tərəfindən ələ keçirildiyini bildirib.

Hələb şəhərində təhlükəsizlik səbəbilə adının açıqlamasını istəməyən bir şahid Amerikanın Səsinə bildirib ki, üsyançı qüvvələr Suriya Prezidenti Bəşər Əsədin hökümətinə sadiq qüvvələrlə toqquşmalardan sonra ən azı beş məhəllədə irəliləyiş əldə ediblər.

Bu, 2016-cı ildən bəri Hələbə ən böyük hücumdur. Həmin zaman İranın dəstəklədiyi yarı-hərbi qruplaşmalar və Rusiya hava qüvvələri tərəfindən dəstəklənən Suriya hökumət qüvvələri Suriyada vətəndaş müharibəsinin qızğın vaxtı şəhərin şərq hissəsindən üsyançı qruplaşmaları sıxışdıraraq çıxarıblar.

Hələbdə şəxsiyyətinin açıqlanmasını istəməyən bir başqa şahid deyib ki, döyüşlər minlərlə sakini şəhərin daha təhlükəsiz yerlərinə qaçmağa məcbur edib. O, Amerikanın Səsinə bildirib ki, şəhərin qərb hissəsində yerləşən məhəlləsində bir neçə toqquşmaya şahid olub və bildirib ki, nəticədə Suriya hökumətinin qüvvələri ərazidən geri çəkiliblər.

Cümə günü Hələbdə məhəllələrin ələ keçirilməsi Suriya üsyançıları və onların müttəfiqləri tərəfindən çərşənbə günü başladılan böyük hücumun bir hissəsidir. Üsyançı qüvvələr son iki gündə Hələb və İdlib vilayətlərində onlarla qəsəbə və kəndə nəzarəti ələ keçirdiklərini bildiriblər.

Suriya ordusu cümə günü açıqlamasında bildirib ki, “Hələb və İdlib ətrafında cəbhə xəttlərində fəaliyyət göstərən silahlı qüvvələri terror təşkilatları tərəfindən həyata keçirilən böyük hücumlara qarşı mübarizə aparmağa davam edir.” Ordu Hələb şəhərindəki hazırkı vəziyyətlə bağlı şərh verməyib.

Ekspertlər Hələbdə son baş verənləri Yaxın Şərqin başqa hissələrində dəyişən dinamikalarla əlaqələndiriblər.

“2016-cı ildən bəri Hələbi müdafiə edənlər İran və [livanlı militant qrup] Hizbullah olub, amma indi hər ikisi çox fərqli şəraitdədir,” 2012-ci ildə ordudan firar edən Suriya ordusunun sabiq generalı Əhməd Rahal deyir. Hazırda o, İstanbulda hərbi analitik kimi çalışır.

“İranın başı hazırda İsraillə münaqişəsinə qarışıb və Hizbullah [İsrail tərəfindən] az qala məhv edilib,” o, Amerikanın Səsinə bildirib. “Rejim Hələbi müdafiə edə bilmir.”

Əsəd hökumətinin əsas dəstəkçisi olan Rusiya son günlərdə üsyançı qüvvələrə qarşı hava hücumları həyata keçirsə də, Hələb şəhərində irəliləyən üsyançı döyüşçüləri hədəf almayıb. Suriya Müşahidə Qrupunun məlumatına görə, Rusiyanın döyüş təyyarələri cümə günü Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinə havadan ən azı 20 zərbə endirib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli cümə günü açıqlamasında bildirib ki, “son toqquşmalar regionda gərginliyin istənilməyən eskalasiyası ilə nəticələnib.” O tərəfləri daha öncə Türkiyə və Rusiyanın vasitəçilik etdiyi deeskalasiya razılıqlarına hörmət etməyə çağırıb.

Forum

XS
SM
MD
LG