Şarl Mişel Aİ Şurası prezidenti postunu Antoniu Koştaya təhvil verib

Şarl Mişel noyabrın 29-da Brüsseldə keçirilən rəsmi mərasimdə Avropa İttifaqı Şurasının prezidenti postunu Antoniu Koştaya təhvil verib

Belçikalı siyasətçi Şarl Mişel noyabrın 29-da Brüsseldə keçirilən rəsmi mərasimdə Avropa İttifaqı Şurasının prezidenti postunu Portuqaliyanın keçmiş baş naziri Antoniu Koştaya təhvil verib.

Antoniu Koşta dekabrın 1-dən etibarən Aİ Şurasının prezidenti kimi 2.5 illik fəaliyyətinə başlayacaq.

“Dəyərlərimizi qorumaq, Avropada sülh və rifah layihələrimizi gücləndirmək, vətəndaşların etimadını qazanmaq – qarşıda duran gündəlik budur”, Koşta təhvil-təslim mərasimində qeyd edib.

Avropanı birliyə, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqları kimi dəyərlərə sahib çıxmağa çağıran Koşta, Rusiyanın işğalçı müharibəsi ilə qarşı-qarşıya olan Ukraynada sülhə dəstəyini ifadə edib.

“Amma sülh təslim olmaq demək deyil. Sülh təcavüzkarı mükafatlandırmamalıdır. Ukraynada sülh ədalətli, daimi olmalı və beynəlxalq hüquqa əsaslanmalıdır”, Aİ Şurasının yeni sədri vurğulayıb.

Son beş ildə Aİ Şurasına prezidentlik edən Şarl Mişel Azərbaycan-Ermənistan sülh danışıqlarında vasitəçi kimi fəalliyətinə görə Azərbaycanda kifayət qədər tanınıb.

2021-2023-cü illərdə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə altı görüş baş tutub.

Bundan əlavə, Azərbaycan və Ermənistan liderləri arasında Avropa Siyasi Birliyinin Praqa və Kişinyov sammitləri çərçivəsində keçirilən görüşlərində də Şarl Mişel əsas vasitəçi olub.

Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyatlardan sonra dalana dirənən Brüssel danışıqları sülh müqaviləsi ilə nəticələnməsə də, tərəflər bir sıra məsələlər ətrafında, o cümlədən sərhədlərin delimitasiyası üzrə ilkin razılaşmalar əldə ediblər.