Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan ictimai fəal Zəka Mirağayevin işi üzrə proses başa çatıb. Məhkəmə ictimai fəalı 3 il həbsə məhkum edib.
Vəkil Elçin Sadıqov bildirib ki, fəal son sözündə bir daha ona qarşı irəli sürülən ittihamı rədd edib.
Mirağayev deyib ki, saxlanıldıqdan sonra işgəncəyə məruz qalıb və fiziki təzyiq altında öz-özünə böhtan atıb. Mirağayevin sözlərinə görə, narkotiki onun cibinə qoyublar.
Mirağayev həmçinin deyib ki, məhkəmə obyektiv istintaq aparmayıb və hətta Bakının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin onun orada olduğu vaxta aid videokamera görüntülərini istəməyib. Bu görüntülər izlənilsəydi, polis bölməsində onun başına gələnlər aydın olardı.
Mirağayev qeyd edib ki, polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etdiyinə görə təqib olunur.
Prokuror Mirağayevin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Müdafiə tərəfi isə fəala bəraət verilməsini istəyib.
Təhqiqatın nəticəsinə görə, məhkəmə ittihamı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə) maddəsindən 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edib və Mirağayevi 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.
Mirağayev 11 oktyabr 2023-cü il tarixində saxlanılıb. Səbail Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib və o vaxtdan etibarən həbs müddəti dəfələrlə uzadılıb.
Mirağayevin yaxınları fəalın həbsini onun Daxili İşlər Nazirliyinin rəhbərliyini tənqid etdiyi açıq məktubu ilə əlaqələndirirlər.
Öz növbəsində, Daxili İşlər Nazirliyi bu iddiaları qəbul etmir. Bir qayda olaraq belə bəyanatların özünümüdafiə məqsədi daşıdığını bildirir.