Accessibility links

Dövlət ittihamçısı ictimai fəalın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyir


Zəka Mirağayev (Mənbə: Facebook)
Zəka Mirağayev (Mənbə: Facebook)

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ictimai fəal Zəka Mirağayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

İctimai fəalın vəkili Elçin Sadıqov dövlət ittihamçısının tələbindən sonra ittihamın əsassız olduğunu, narkotikin Zəkaya heç bir aidiyyətinin olmadığını bildirib. O, müvəkkilinin təqsirsizliyinin məhkəmə prosesində də sübut edildiyinə diqqət çəkərək ona bəraət verilməsini istəyib.

Növbəti məhkəmə prosesi noyabrın 4-də keçiriləcək.

İctimai fəal Zəka Mirağayev həbsindən öncə hüquq müdafiəçisi Rüfət Səfərova müraciət edib ki, hökuməti, polisi sərt tənqid etmək qərarına gəlib.

"O yazmışdı ki, bilir tənqidi münasibətindən sonra onu şərləyib həbs edəcəklər. Həbs edilərsə onu müdafiəsiz qoymayaq. Mirağayev daxili işlər naizirliyinin rəhbərliyi barədə tənqidi post yayan kimi şərləyib həbs ediblər", Səfərov Facebook səhifəsində yaydığı videoda deyir.

Zəka Mirağayev ötən il oktyabrın 11-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Səbail Rayon Məhkəməsi barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Fəal özünü təqsirli bilmir və həbsini qanunsuz hesab edir.

Forum

XS
SM
MD
LG