Bakı məhkəməsi Anar Məmmədlinin apellyasiya şikayətini təmin etməyib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru, hüquq müdafiəçisi Anar Məmmədli

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsi hakim Mehriban Qarayevanın sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin həbs qətimkan tədbirinin uzadılması barədə Xətai rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin eməyib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmədə iştirak edən Anar Məmmədli həbs müddətinin uzadılmasını əsassız sayıb və həbsini hüquq müdafiəçi fəaliyyəti ilə əlaqələndirib.

Vəkil hüquq müdafiəçisinin səhhətində ciddi geriləmələrin olduğunu və adekvat olaraq müalicə olunmasının vacib olduğunu deyib.

Buna görə də vəkil Avropa İnsan Hüquqları Konvensiyasının 39-cu maddəsinə əsaslanaraq, məhkəməyə müraciət ediləcəyini bildirib.

Noyabrın 20-də Bakı şəhər Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiririnin müddətini daha üç ay uzadıb.

Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.

Azərbaycan rəsmiləri bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.