EkoFront təşkilatının təsisçisi, ətraf mühit məsələləri üzrə ekspert Cavid Qara Amerikanın Səsinə müsahibəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyindən, qlobal iqlim maliyyə fondunun yaradılmasından və yaşıl enerjiyə keçiddən danışıb.
Amerikanın Səsi: Sizcə COP29 İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun formalaşmasına nail ola biləcəkmi? Çıxışlarda bu fonda trilyon dollardan çox vəsaitin cəlb edilməsindən söhbət gedir. Bu çağırışlar nə qədər real görünür?
Cavid Qara: İndidən nəsə demək çox çətindir. Çünki bu prosesdə çox ciddi xarici amillər, siyasi amillər var. Bir də COP danışıqlarında ümumiyyətlə bir fikir var ki, hər şey razılaşdırılana qədər, heç nə razılaşdırılmayıb. Ona görə danışıqlar çox gərgin gedir və bir trilyon dollar dedikdə, əslində orada illik bir trilyon dollar nəzərdə tutulur. Məsələ təkcə məbləğ deyil, həm də məbləğin tərkibindən söhbət gedir. Bir trilyon rəqəminə çatmaq əslində o qədər də çətin bir tapşırıq deyil. Sadəcə olaraq inkişaf etməkdə olan ölkələrin əsas tələbi odur ki, bu maliyyə kredit formasında yox, qrantlar formasında olmalıdır. Hal-hazırda əsas müzakirə bunun bölgüsü üzərində gedir ki, neçə faizi qrantlar formasında olsun, neçə faizi kredit formasında olsun. Əsas tələb isə odur ki, azı bir trilyon tam qrantlar formasında olmalıdır. Bugünkü məlumata görə, müsbət bir dəyişiklik də baş verib. Böyük İyirmilik ölkələrinin Brazilyada keçirilən görüşündə bu istiqamətdə müsbət qərarlar qəbul olnunub ki, təkcə inkişaf etmiş ölkələr yox, Böyük İyirmiliyə daxil olan bəzi inkişaf etməkdə olan ölkələr də iqlim maliyyəsi ayrılmasına qoşulacaq. Bu da inkişaf etmiş ölkələrin əsas tələbi idi. Bu da danışıqların daha rahat və sürətli gedəcəyinə ümidi artırır.
Amerikanın Səsi: COP29-dakı çıxışların ümumi məzmununa görə dünyada yaşıl enerjiyə keçid, mədən qazlarının azaldılması uğrunda sanki bir yarış gedir. Sizcə çıxışlarla real durum bir-birinə uyğundurmu?
Azərbaycan neft-qaz sektoruna uzunnmüddətli yatırımlardan çəkinməlidir. Çünki bu cür yatırımların iqtisadi perspektivi yoxdur.
Cavid Qara: Burada əsas məsələ ondan ibarətdir ki, çıxışlarda səsləndirilən emissiya azaldılması daha öncə elan edilmiş hədəflərdən daha çoxdur. Bu isə həm problemin daha da qəlizşləşməsi, daha inkaredilməz bir hala gəlməsi ilə əlaqədardır, həm də həll üsullarının iqtisadi səmərəli olması ilə əlaqədardır. Ona görə biz qarşıdakı illərdə indi açıqlanan hədəflərdən daha ambisiyalı hədəflərin açıqlanmasını görə bilərik. Ona görə də açıqlanan hədəflər yetərincə real hədəflərdir.
Amerikanın Səsi: Yaşıl enerjiyə keçid təbii ki, bir sıra poblemlər də yaradacaq? Sizcə Azərbaycan bu problemləri qarşılamağa hazırdırmı?
Cavid Qara: Sırf Azərbaycan perspektivindən baxanda, neft-qaz gəlirlərindən ciddi asılı olan ölkə üçün bu ciddi bir hazırlıq tələb edir. Söhbət transformativ dəyişikliklərdən gedir. Azərbaycan qarşıdakı illərdə neft-qaz gəlirlərini qeyri-neft sektoruna, yeni enerji növlərinin istehsalına ciddi surətdə istiqamətləndirməlidir. Bununla yanaşı neft-qaz sektoruna uzunnmüddətli yatırımlardan çəkinməlidir. Çünki bu cür yatırımların iqtisadi perspektivi yoxdur.
Amerikanın Səsi: COP29 konfransı qarşıya qoyduğu qlobal gündəliyə, həmçinin uzunmüddətli istixana qazları və karbon emissiyalarının aşağı salınması üçün təsiredici qərarlara nail ola biləcəkmi?
Cavid Qara: Problemi həll edəcək yetəcək qədər və yaxud ona çox yaxın bir qərardan söhbət gedə bilməz, elə bir qərar olsa artıq bundan sonra COP görüşlərinin keçirilməsinə ehtiyac da olmaz. Amma, ciddi qərarların qəbul ediləcəyi şübhəsizdir. Artıq konfransın sonunda o qərarların nə qədər ciddi olacağını müzakirə etmək olar.
Amerikanın Səsi: Yaşıl enerjiyə keçidlə bağlı Azərbaycanda əmək bazarında durum necədir? Bu sahələr üzrə kadr hazırlığı sahəsində hansı işlər görülür? Yetərlidirmi?
Cavid Qara: Məndə olan məlumata görə, aşağı və orta ixtisas səviyyəsində müəyyən təlimlər keçirilir. Amma, kadrların yetərli olub-olmamasını demək üçün əlimdə yetərincə məlumat yoxdur. Amma yaxşı olar ki, daha yüksək ixtisaslı kadrarın hazırlanması üçün də uzunmüddətli bir strategiya açıqlansın və iştirakçılıq təmin edilsin. Bu sahədə bir məqam var ki, neft-qaz sahəsindən fərqli olaraq bu sahədə qadınların iştirakçılığı daha ağılabatandır, daha mümkündür. Çünki bu sahədə gedən işlər daha təmiz, daha fiziki bir aut (fiziki güc və ağılın vəhdəti-red) tələb edən işlərdir. Ona görə biz bunu başlanğıcdan həmin strategiyanın tərkibinə salsaq daha rahat olar, nəinki beş-on ildən sonra gender bərabərliyinə nail olmağa başlamaq.