COP29 üçün Bakıda olan norveçli nazir Qubad İbadoğlu ilə görüşüb

Norveçli nazir Anne Beate Tvinneraym iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə görüşüb

BMT-nin İqlim Dəyişikliyi konfransı (COP29) üçün Bakıda olan Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinneraym iqtisad elmləri doktoru, anti-korrupsiya eksperti Qubad İbadoğlu ilə görüşüb.

Novreçli nazir hazırda polis nəzarətində olan Qubad İbadoğlunu yaşadığı ünvanda onu ziyarət edib və ona qarşı açılmış cinayət işi, tətbiq edilən məhdudiyyətlər və sağlamlıq durumu barədə maraqlanıb.

“Doktor Qubad İbadoğlu ilə görüşməyə çox şadam. Mən onun və bir çoxunun səhhətində problemlər olan digər həbs edilmiş fəalların vəziyyətindən çox narahatam. Qanuni vətəndaş fəaliyyətinə görə həbs əsas hüquqları pozur. Adekvat tibbi xidmət humanitar öhdəlikdir”, Tvinneraym X səhifəsində qeyd edib.

2023-cü ilin iyulun 23-də saxlanılan Qubad İbadoğlu saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. O, ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu deyib.

Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

“O, çox güman ki, cərrahi müdaxilə tələb edən ürək xəstəliyindən əziyyət çəkir. Nəfəs darlığı yaşayır və vəziyyət onu yorub”, Anne Beate Tvinneraym Norveç mediasına deyib.

Norveçin ən tirajlı qəzetlərindən olan VG yazır ki, Tvinneraym şənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə insan hüquqları məsələsini qaldırıb, İbadoğlu ilə yanaşı həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin də işini diqqətə çatırıb.

“Biz insan haqlarının vəziyyətini qaldırdıq və vurğuladıq ki, Azərbaycan insan haqlarını pozmaqda davam edərsə, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və xarici investisiyaların cəlb edilməsi çətin olacaq”, Norveçli nazir deyib.

Tvinneraymın sözlərinə görə, Ceyhun Bayramov insan hüquqlarının vəziyyətinə dair tənqidləri ölkədəki vəziyyətlə bağlı məlumatın olmaması ilə əlaqədar olduğunu düşündüyünü bildirib.

Azərbaycan tərəfinin görüşlə bağlı rəsmi məlumatında insan hüquqlarının vəziyyətinə dair müzakirələrin olduğu qeyd edilməyib.

Azərbaycan XİN görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, Azərbaycanın COP29 sədrliyindən irəli gələn məsələlər və regional vəziyyətin müzakirə olunduğu bildirib.

Rəsmi Bakı əvvəlki bəyanatlarında jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını, COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edirlər.

Yerli insan hüquqları təşkilatlarının hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var.