Pezeşkian hökumətinin Təbriz istisna olmaqla, ölkənin üç elektrik stansiyasında mazutdan istifadənin dayandırılması qərarı İran Azərbaycanında narazılıqlara səbəb olub.
İran son dövrlərdə enerji çatışmazlığı, xüsusilə elektrik enerjisinin təminatında ciddi problemlərlə üzləşir və hələlik bu problemi həll etmək üçün konkret tədbirlər görülməyib. Ölkədə təbii qazın çatışmazlığı isə istilik elektrik stansiyalarının qaz əvəzinə mazutdan istifadə etməklə enerji istehsalına yönəlməsinə səbəb olur ki, mazut ətraf mühit üçün ciddi çirkləndirici və insan sağlamlığı üçün zərərli bir yanacaqdır.
İran mediası yaxın günlərdə prezidentin Ərak, Kərəc və İsfahanda yerləşən üç elektrik stansiyasında mazutdan istifadənin dayandırılması ilə bağlı əmr verdiyini açıqlayıb. Bu xəbər Ətraf Mühitin Mühafizəsi Təşkilatında keçirilən Hava Çirkliliyinə Qarşı Mübarizə İşçi Qrupunun iclasında prezidentin icraçı müavini Məhəmmədcəfər Qaempənahın çıxışına istinadən yayılıb.
Dövlət mediası bu qərarı “cəsur addım” kimi qiymətləndirib, çünki bu qərarla mazut əvəzinə daha təmiz yanacaq olan təbii qazdan istifadə edilməlidir. Lakin ölkədə təbii qaz çatışmazlığı elektrik stansiyalarında yanacaq qıtlığına və nəticədə şəhərlərdə elektrik kəsilmələrinə səbəb ola bilər. Elektrik enerjisinin tez-tez və davamlı kəsilməsi əhalinin narazılığını artıra və hökuməti problemlərlə üz-üzə qoya bilər.
SEE ALSO: Təbrizdə elektrik kəsintisinin günlük cədvəli yayımlanırMəsud Pezeşkianın həmin müavini bu qərarın elektrik təchizatında çatışmazlıq və işıqların sönməsinə səbəb ola biləcəyini bildirib, lakin bu qərarın insanların çirklənmədən ölümünün qarşısını almaq məqsədi daşıdığını əlavə edib.
Ərak millət vəkili Məhəmməd Camalian İRNA xəbər agentliyinə açıqlamasında hökumətin bu şəhərin istilik elektrik stansiyasında mazutdan istifadənin dayandırılması qərarının hava çirkliliyinə görə 650 nəfərin ölümünün qarşısını almağa xidmət etdiyini deyib.
Prezidentin istilik elektrik stansiyalarında təbii qaz əvəzinə mazutdan istifadənin dayandırılması ilə bağlı qərarı Təbriz istisna olmaqla, digər üç şəhəri əhatə edir ki, bu da İran Azərbaycanında narazılığa səbəb olub. Çünki Təbriz istilik elektrik stansiyası da bir müddətdir ki, təbii qaz qıtlığı səbəbindən şəhərin və vilayətin enerji təminatı üçün mazutdan istifadə edir. Bu isə şəhərin havasının çirklənməsinə və vətəndaşların sağlamlığına ciddi zərər vurur.
Şərqi Azərbaycan deputatlar birliyinin sədri və Təbriz şəhərinin millət vəkili Əlirza Novin bu qərarla bağlı açıqlamasında “bu xəbəri oxuyanda təəccübləndim; prezidentin qərarının doğru məlumatlandırılmadan verildiyini düşünürəm,” deyib. O, əlaqədar nazirlərin televiziyada çıxış edərək Azərbaycan xalqına bu qərarın səbəbini izah etməli olduğunu vurğulayıb. Novinin sözlərinə görə, Təbriz və Binab istilik elektrik stansiyalarının hər biri gündə 4 milyon litr mazut istehlak edir.
Şərqi Azərbaycanın valisi Bəhram Sərməst isə Hava Çirkliliyinin Azaldılması və Enerji İstehlakının İdarə Edilməsi üzrə İşçi Qrupunun iclasında “bu məsələ ilə bağlı ictimai həssaslıq yüksəkdir və bu ictimai tələbə məntiqli cavab verilməlidir,” -deyə qeyd edib. Vali həmçinin bildirib ki, Şərqi Azərbaycanın enerji təchizatında kəsintilər digər vilayətlərdən daha çoxdur və Pezeşkian hökumətinin bu qərarını dolayısı ilə tənqid edərək vilayətin elektrik kəsintisindəki payının azaldılmasını tələb edib.
SEE ALSO: Təbriz millət vəkili: Ölkə ağır enerji böhranı içərisindədirÜmumiyyətlə, hər il soyuq mövsüm başladıqda yaşayış yerlərində təbii qazdan istifadənin artması nəticəsində Təbriz və Binab şəhərlərinin elektrik stansiyalarında qaz qıtlığı yaranır və nəticədə bu stansiyalarda elektrik istehsalı üçün mazut yanacağından istifadə edilir. Bu, ölkədə enerji istehsal mənbələrinin müxtəlifliyinin olmamasını və təbii qaz istehsalında çatışmazlığı göstərir.
Digər tərəfdən şəhərlərdə tez-tez elektrik enerjisinin kəsilməsi vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir və rəsmilərdə xalqın narazılığının etiraz aksiyalarına çevrilməsi qorxusunu yaradır. Bu səbəbdən bəzi sənaye müəssisələri, xüsusilə də polad sənayesi, elektrik çatışmazlığının yükünü çəkmək məcburiyyətində qalır və kəsintilərlə üzləşir. Bundan əlavə, ölkədə enerji istehsalında müxtəlifliyin olmaması, elektrik istehsalında təbii qazdan asılılıq və qaz hasilatının yetərsizliyi istilik elektrik stansiyalarında yanacaq çatışmazlığı yaradır. Nəticədə hökumət elektrik təchizatını davam etdirmək üçün dizel yanacağından istifadə etməyə məcbur qalır.
Təbriz elektrik stansiyasının idarə heyətinin sədri Nadir Səfərzadə İRNA xəbər agentliyinə bildirib ki, 50 illik tarixə malik olan bu stansiyanın səmərəliliyi 35-36 faizdir və hər il burada 8 milyon kubmetr su buxarlanır. Elektrik stansiyasının məsul şəxslərinin sözlərinə görə, stansiyaya verilən mazut yüksək kükürdlüdür və standartlara uyğun deyil. Bu da elektrik stansiyasının ətrafdakı insanların sağlamlığı üçün yaratdığı təhlükələrə dair narahatlıqları artırır.
SEE ALSO: İranda elektrik enerjisi problemi yaşanırİranda enerji böhranının mövcud olduğu açıqdır. Böyük neft və qaz ehtiyatlarına sahib olmasına baxmayaraq, ölkə paradoksal olaraq enerji təminatında çatışmazlıq yaşayır. Mahmud Əhmədinejad və xüsusilə Həsən Ruhani hökumətləri dövründə müəyyən saatlarda şəhərlərdə elektrik kəsintiləri həyata keçirilirdi.
İndi isə Pezeşkian kabineti elektrik stansiyalarında mazutdan istifadə edib insanların sağlamlığını təhlükəyə atmaq əvəzinə, planlı elektrik kəsintilərinə qayıtmaq qərarına gəlib. Bu qərara əsasən, əvvəlcədən elan edilən saatlarda şəhərlərdə elektrik enerjisi müvəqqəti olaraq dayandırılır. Lakin Pezeşkian hökumətinin İran Azərbaycanında qeyri-standart mazutdan istifadəni dayandırmamaq qərarı haqqında son xəbərlər Şərqi Azərbaycan valisi və Təbriz millət vəkilinin də dediyi kimi bölgə əhalisi arasında narazılıq və təəccüblə qarşılanır.