İran prezidentinin müavini və ətraf mühit mühafizəsi təşkilatının başqanı Əli Səlaciqə “mazut yandırılmasının İranın üç əsas elektrik stansiyasında qadağa olunduğunu” söyləyib.
İran xəbər agentliklərinə görə, Səlaciqə bir neçə gün öncə Kaşan Universitetində keçirilən bir konfransda bu barədə danışıb.
Ətraf mühit eskpertləri, o cümlədən Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinin baş müdiri Şəhnam Əştəri mazutun Təbrizdə havanın çirklənməsində ciddi təsiri olduğunu bidirirlər. Keçən aylarda Təbriz və ətrafındakı şəhər və qəsəbələrdə havanın çirklənməsinin dəfələrlə həssas qruplar, bəzən də bütün əhali üçün təhlükəli həddə çatdığı açıqlanıb.
“Prezident müavini İsfahan, Kərəc və Tehran şəhərlərində mazut yandırılmasına qoyulan qadağa haqqında danışıb. Ancaq iki milyon əhalisi olan Təbrizdə istilik elektrik stansiyası əvvəlki illərdən belə daha tez mazut yandırmağa başlayıb və bu günədək yandırmağa davam edir,” Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalı bildirib.
Nasr News mövzu ilə bağlı “Cənab Səlaciqə Təbriz ayrı-seçkilik dərdi ilə nə etsin?” başlığı altında məqalə dərc edib.
Yarı-rəsmi Mehr agentliyinin yazdığına görə, prezident müavini Kaşan Universitetində deyib ki, “İranın üç əsas elektrik stansiyasında ilk dəfə İbrahim Rəisi höküməti sayəsində mazut yandırılmasına qadağa qoyulub”. Səlaciqə bu il İsfahan şəhərində qaz kəmərində yaranan problem səbəbindən yalnız bir dəfə müvəqqəti olaraq mazut yandırıldığını bildirib.
Mart ayının 10-da Nasr News saytında yayılan məqalədə yazılıb ki, “ölkənin ətraf mühit mühafizəsi təşkilatının başqanı cənab Əli Səlaciqə bu il bir neçə dəfə mətbuatla müsahibədə İsfahan, Tehran və Kərəc şəhərlərinin mazut yanmasından azad edilmələrini hökümətin önəmli bir nailiyyəti olaraq dəyərləndirib. O, Təbriz stansiyasında mazut yandırılmasının isə qanuna uyğun olduğunu söyləyib. Prezident müavinin bu açıqlamaları Təbriz əhalisi üçün havanın çirklənməsini təhəmmül etməyi daha da çətinləşdirir. Çünki bu il, Təbriz əhalisi havanın çirklənməsi dərdi ilə yanaşı, bu mövzuda ayrı-seçkilik dərdi ilə də üzləşiblər.”
Forum