İctimai fəal, I qrup əlil Famil Xəlilov noyabrın 10-da 88-ci gündən sonra aclıq aksiyasını dayandırıb.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib.
“Hakimiyyəti tənqid etdiyinə görə qurama ittiham əsasında həbs edilən Famil Xəlilovun aclıq aksiyası narahatçılığımızı daha da artırıb. 1-ci qrup əlil Famil Xəlilovun ayaqları da tutulub. O, hərəkət edə bilmir. Belə durumda hər an Famil bəyi itirə bilərdik. Ailəsi, anası, həyat yoldaşı, övladları, vəkillər, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri hər gün Familə müraciət edirdi ki, aclığı dayandırsın. Nəhayət, bu gün 88 gündən sonra aclığı dayandırdı”, o deyib.
Rüfət Səfərov Azərbaycan hökümətinə, məhkəmə hakimiyyətinə müraciət edərək, Famil Xəlilovun azad olunmasına dair siyasi, hüquqi iradə nümayiş etdirməsini istəyib.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Famil Xəlilovun, həmçinin həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Fəal Famil Xəlilov “qanunsuz həbsinə” etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.