Donald Trampın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərinə siyasi baxışlar

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Tramp

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın hakimiyyəti dövründə Amerika-Azərbaycan münasibətlərinin necə olacağı Azərbaycanda ictimaiyyət arasında, mediada, sosial şəbəkələrdə, siyasi dairələrdə ən çox müzakirə olunan mövzudur.

Amerikanın Səsi Donald Trampın hakimiyəyti dövründə ABŞ-Azərbaycan münasibətlərində hansı yeni nüansların gündəmə gələcəyi ilə bağlı siyasi partiya rəhbərlərinin, siyasi və iqtisadi təhlilçilərin, Milli Məclisin deputatlarının mövqeyini öyrənib.

Əli Kərimli

Əli Kərimli: Azərbaycanla Tramp administrasiyası arasında vaxtaşırı sərt dialoq müşahidə edəcəyik

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Donald Tramp dövründə ABŞ-Azərbaycan münasibətlərinin necə olacağı ilə bağlı Amerikanın Səsinə bildirib ki, indiki anda münasibətlərin necə olacağını demək çətindir.

Your browser doesn’t support HTML5

Əli Kərimli: Azərbaycanla Tramp administrasiyası arasında vaxtaşırı sərt dialoq müşahidə edəcəyik

“Çünki hələ Donald Trampın komandası formalaşmayıb. Xüsusilə xarici siyasətə görə məsul olan dövlət katibi təyin olunmayıb. Ona görə, bilavasitə regionla bağlı Tramp komandasının prioritetləri hələ tam aydınlaşmayıb”, o qeyd edib.

Bununla yanaşı Kərimli deyib ki, Trampın siyasətində müəyyən məqamları ehtimal edə bilər.

“Ehtimallardan biri budur ki, Trampın seçki ərəfəsində verdiyi açıqlamalarından hiss olundu ki, o, vəzifəsinə başlayandan sonra Azərbaycan-Ermənistan arasında sülh prosesinin sürətlənməsi üçün rəsmi Bakıya təzyiq edəcək. Əvvəlki administrasiya da Azərbaycan hakimiyyətini sülh sazişi üçün tələsdirirdi. Demək olar ki, bu sahədə varislik davam etdiriləcək”, AXCP sədri deyib.

Azərbaycanın münasibətlərə önəm verdiyi İran və Çinlə ABŞ münasibətlərinin gərginləşməsi Azərbaycan hakimiyyəti üçün əlavə çətinliklər yaratmış olacaq.

Onun fikirncə, Donald Trampın startegiyasında Çin və İranla münasibəıtlərin daha da sərtləşməsi var.

“Azərbaycan hakimiyəti isə İranla ən azı münasibətləri qoruyub saxlamağa maraq göstərir. Azərbaycan Çin ilə hətta strateji tərəfdaşlıq sazişi imzalayıb. Ona görə, burada da müəyyən problemlər yaranacaq. Baxmayaraq ki, ABŞ-ın Rusiya ilə münasibətlərdə müəyyən çox görümlü açıqlamaları var. Ancaq Azərbaycanın münasibətlərə önəm verdiyi İran və Çinlə ABŞ münasibətlərinin gərginləşməsi Azərbaycan hakimiyyəti üçün əlavə çətinliklər yaratmış olacaq”, o belə düşünür.

Kərimlinin ehtimalına görə, Tramp hakimiyyəti Şimal-Cənub dəhlizində deyil, Hindistandan Avropaya qədər gedəcək yolun Ərəbistan yarımadasından geçməsində maraqlı olacaq.

“Burada da Azərbaycan, İran və Rusiyanın maraqları ilə Tramp administrasiyasının siyasəti arasında ziddiyyət yaranacaq. Azərbaycan da Rusiya və İranla birlikdə Şimal-Cənub marşutunda maraqlıdır”.

AXCP sədrinin fikrincə, Tramp administrasiyasının əsas prioriteti Çinlə rəqabəti sərtləşdimək olduğu üçün birmənalı şəkildə Orta Yol dəhlizinin Rusiya və Çindən asılı olmayan bir dəhliz olmasında maraqlı olacaq.

“Bu da o deməkdir ki, Tramp administrasiyası regionda həm Orta Yol dəhlizinin tezliklə açılmasına, həm də Rusiya və Çindən asılı olmamasına çalışacaq”.

Onun ehtimalına görə, Tramp administrasiyasının demokratiya çağırışları ola bilsin ki, Bayden administrasiyası ilə müqayisədə az olsun.

“Amma yuxarıda sadaladığım məqamlara görə, Azərbaycanın avtoritar hakimiyyəti ilə Tramp administrasiyasının həyata keçirəcəyi strategiya arasında tez-tez toqquşmalar olacaq”.

AXCP sədrinin fikrincə, Tramp administrasiyasının bəzi özünəməxsus siyasi prioritetləri olsa da, ABŞ azad dünyanın lideri olaraq qalacaq.

“ABŞ Konqresində insan haqları ilə bağı dəstək qalacaq. Bu o deməkdir ki, istər-istəməz ABŞ administrasiyası Azərbaycanda insan hüquqları sahəsində çox kobud pozuntularla bağlı səssiz qala bilməyəcək. Həm Konqresdən, həm adminstrasiyadan insan hüquqları, demokratikləşmə ilə bağlı ciddi çağırışlar gələcək. Ona görə də hesab edirəm ki, yeni administrasiya dövründə Azərbaycanı Rusiya və Çinin yedəyinə vermək istəyən Azərbaycanın avtoritar hakimiyyəti ilə ABŞ-ın yeni administrasiyası arasında çoxsaylı mübahisəli məqamlar qalacaq. Vaxtaşırı sərt dialoq müşahidə edəcəyik”, AXCP sədri belə düşünür.

Rövşən Ağayev

Rövşən Ağayev: Donald Tramp dövründə enerji bazarında ucuzlaşma qaçılmazdır

İqtisadçı Rövşən Ağayev bildirir ki, Respublikaçıların hakimiyyətdə olduğu bütün dövrlər enerji bazarlarında ucuzlaşmalarla müşayiət olunub.

“Təxminin son 45 illik dövrdə xam neftin orta illik bazar qiymətləri (Brent və WTI markalı neftin ortalama qiyməti) belə olub: Demokratların hakmiyyətdə olduğu 1977-81-ci illərdə 12 dollardan 37 dollara qədər sıçrayıb. Xüsusilə də 1978-81-ci illərdə yüksək qiymətlər qalıb. Respublikaçıların hakmiyyətdə olduğu 1981-93-cü illərdə 37 dollardan 14 dollara qədər ucuzlaşıb. 1985-1989-cu illərdə qiymətlər davamlı olaraq ucuz qalıb və bu amil SSRİ-nin iqtisadi çöküşündə mühüm rol oynayıb. Demokratların hakimiyyətdə olduğu 1993-2001-ci illərdə yenidən bahalanma başlayıb və 16-28 dollar intervalında hərəkət edib. Respublikaçıların hakimiyyətdə olduğu 2001-2009-cu illərdə kəskin bahalanıb və 24-110 dollar aralığında dəyişib. Oğul Buşun dövrü sələflərindən fərqli olub və çox bahalı neft dövrü kimi yadda qalıb. Məhz tarixdə ən yüksək neft qiymətləri (149 dollar) onun hakimiyyəti dövrünə təsadüf edir. Bu bahalıq Demokratların hakmiyyətdə olduğu 2009-2016-cı illərdə də davam edib: qiymətlər 60-110 dollar intervalında dəyişib”.

Dünyada alternativ enerjiyə sürətli keçid bahalı neft erasını bitirəcək. Sadəcə bu təşəbbüslərin Trampın cəhdləri ilə birləşməsi bazarlarda daha xaotik vəziyyət yarada bilər.

Təhlilçi bildirib ki, Trampın birinci liderliyi ilə Respublikaçıların hakmiyyətdə olduğu 2016-2020-ci illərdə yenidən ucuzlaşma baş verib və orta illik 40-68 dollar aralığında dəyişib.

“Nəhayət Baydenin (Demokratların) hakmiyyətdə olduğu son 4 ildə qiymətlər yenidən bahalanıb, 70 dollardan 100 dollara qədər yüksəlib. Son 3 ildə isə 80-95 dollar intervalında olub”.

Ağayev qarşıdakı 4 ildə - Respublikaçıların hakimiyyəti dövründə neft bazarında qiymətlərə də proqnoz verib.

“Əgər Tramp vədinə uyğun olaraq iqlim dəyişikliyi layihələrini arxa plana keçirsə, öz resurslarını maksimum istismar etməyə cəhd göstərsə, ucuzlaşma qaçılmazdır.

Amma hətta Tramp amili olmasa da, dünyada ABŞ-sız belə alternativ enerjiyə sürətli keçid çox yaxın dövrdə bahalı neft erasını bitirəcək. Sadəcə bu təşəbbüslərin Trampın cəhdləri ilə birləşməsi bazarlarda daha xaotik vəziyyət yarada bilər”, təhlilçi belə hesab edir.

Zahid Oruc

Zahid Oruc: Donald Trampın seçilməsi Bayden dönəminin mənfi mirasını ortadan qaldırmağa imkan verəcək

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə bildirib ki, Amerika dərin dövlət ənənələrinə malikdir.

Your browser doesn’t support HTML5

Zahid Oruc: Donald Trampın seçilməsi Bayden dönəminin mənfi mirasını ortadan qaldırmağa imkan verəcək

“Şübhəsiz ABŞ-ın müəyyənləşdirilən siyasi kursu yalnız yeni prezidentin seçilməsi, fərqli bir komandanın idarəçiliyin müxtəlif strukturlarında yerləşməsi ilə müəyyənləşmir. Orada oturuşmuş ənənələr var və hakimiyyətin üç qolu arasındakı balans, üçlü idarəçilik modeli qlobal çapdakı proseslərə, əsas siyasi və strateji hədəflərə təsir edir”, o qeyd edib.

Millət vəkili hesab edir ki, 1990-cı illərdən sonra Amerika-Azərbaycan münasibətləri müxtəlif mərhələlərdən keçib.

Biz Donald Trampın andiçmə mərasimindən sonrakı mərhələdə münasibətlərdə müəyyən dəyişikliklərin şahidi olacağıq.

“Bizim nəzərimizə görə münasibətlər Barak Obama dövrü enən xətt üzrə gedib. Təəssüflər olsun ki, bu, qətiyyən bizm ölkənin seçdiyi hər hansı mövqeyə, regional kursa bağlı deyildi. Xüsusən də son illər Amerika qlobal mənada siyasi hakimiyyətləri dəyişmək, daxili işlərdə insan haqları, demokratiya və sairə amerkanizm modellarini bərqərar etmək kimi yöndə daha kobud müdaxilələrə yol açan addımlar atırdı. Hesab edirəm ki, məhz bu mənada vətən müharibəsinin nəticəsində regionda yeni geosiyasi reallığın formalaşmasını qəbul etmədiyinə görə maksimum dərəcədə moderatorluq funksiyasını üzərinə götümək yolu ilə bölgəyə yenidən qayıtmaq istəyirdi. ATƏT-in Minsk qrupunun dağılması fonunda o bunu Avropa Birliyi və digər platformaların əli ilə həyata keçirməyə çalışırdı. İkinci yol isə NATO-nu Ermənistan-Azərbaycan sərhədinə mülki adda, amma əslində hərbçilərin, casusların, kəşfiyyat qrupunun yerləşdirilməsi ilə nail olmağa çalışırdı”, o bildirib.

Komitə sədri hesab edir ki, ABŞ-da keçirilən seçki, bu fonda Donald Trampın seçilməsi Bayden dönəminin mənfi mirasını ortadan qaldırmağa imkan verəcək.

“Cənab prezidentin (Azərbaycan Prezidenti İlham Əliyev-red) təbrikinə baxdıqda bu məqamları çox aydınlıqla görə bilərsiniz. Çünki o, bir protokol təbriki olmaqdan daha çox müxtəlif sahələr üzrə iki ölkə arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişaf etdirilməsi üçün inamı ifadə edir. Ona görə də biz 20 yanvardan (Donald Trampın andiçmə mərasimi-red) sonrakı mərhələdə bu istiqamətdə müəyyən dəyişikliklərin şahidi olacağıq”, o qeyd edib.

Natiq Cəfərli

Natiq Cəfərli: Respublikaçılar ilə Azərbaycanın münasibətləri həmişə daha rəvan olub

Reaspublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli hesab edir ki, Azərbaycan-Amerika münasibətləri kifayət qədər dərindir.

Your browser doesn’t support HTML5

Natiq Cəfərli: Respublikaçılar ilə Azərbaycanın münasibətləri həmişə daha rəvan olub

“Bu münasibətlər uzun illərdir kifayət qədər ciddi iqtisadi və geosiyasi maraqlar üzərində inşa edilib. Respublikaçılar ilə Azərbaycanın münasibətləri həmişə daha rəvan olub. Donald Trampın birinci prezidentliyi dövründə də münasibətlərdə ciddi bir problemlərlə qarşılaşmadıq. Ona görə də düşünmürəm ki, Trampın seçilməsi Amerika-Azərbaycan münasibətlərində hansısa ciddi fundamental dəyişikliklərə səbəb olacaq. Ola bilər ki, Tramp dönəmində daha çox praqmatizmi önə çıxsın. Yəni münasibətlər daha çox layihələrin realizə olunmasına fokslaşsın. Başqa münasibətlər, yəni sivil toplumla, demokratiya ilə bağlı mövzular ola bilər ki, arxa plana keçsin”, o qeyd edib.

Azər Qasımlı

Azər Qasımlı: ABŞ-Azərbaycan münasibətləri ABŞ-ın Rusiya və Çinlə münasibətlərindən asılı olacaq

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, Donald Tramp böyük ehtimalla administrasiyasının xarici siyasətində diqqət ayıracağı əsas istiqamətlər - Çin problemi, İran, Ukrayna və yaxın Şərq konfliktləri olacaq.

Your browser doesn’t support HTML5

Azər Qasımlı: ABŞ-Azərbaycan münasibətləri ABŞ-ın Rusiya və Çinlə münasibətlərindən asılı olacaq

“Cənubi Qafqaz bölgəsi və Azərbaycan böyük ehtimalla Tramp administrasiyasının əsas önəm verdiyi istiqamətlər olmayacaq. Lakin məsələ burasındadır ki, Çin, İran və Ukrayna məsələləri istər-istəməz dolayısı yolla ABŞ-ın bu ölkələrin müttəfiqləri və xüsusilə də Rusiya ilə toqquşmasına, münasibətlərin pisləşməsinə gətirib çıxaracaq”.

Təhlilçi hesab edir ki, ABŞ-Azərbaycan münasibətlərinə məhz yuxarıda sadaladığı kontekstdən baxmaq daha doğru olar.

“Bu baxımdan hesab edirəm ki, Çinin və Rusiyanın strateji müttəqi olan, BRICS-ə üzv olmaq istəyən Azərbaycan iqtidarı ilə Tramp administarsiyasının münasibətləri isti və dost münasibəti olmayacaq. Münasibətlərin soyuq və ya mənfi kritik hala çatması isə ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin dinamikasından asılı olacaq. Digər tərəfdən Tramp administrasiyası dönəmində neftin dünya bazarında qiymətinin düşməsi və Çinin marağında olan nəqliyyat marşutu kimi Orta dəhliz, “bir qurşaq-bir yol” kimi layihələrə qarşı çıxması Azərbaycan iqtidarına təsirsiz olmayacaq və münasibətlərə mənfi təsir göstərəcək”, o qeyd edib.

İsa Qəmbər-Müsavat partiyasının başqanı

İsa Qəmbər: Azərbaycan hakimiyyəti Trampın xasiyyətini nəzərə alaraq daha diqqətli davranmalıdır

Müsavat Partiyasının başqanı İsa Qəmbə hesab edir ki, Donald Trampın Azərbaycanla münasibətlərini necə quracağını dəyərləndirmək üçün onun 2016-2020 ci illərdə prezidentlik dönəmlərindəki fəaliyyətlərinə diqqət yetirmək lazımdır.

“Prinsip etibarı ilə həmin dönəmdə ABŞ-Azərbaycan münasibətlərində qeyri-adi bir hadisə baş vermədi. Gözlənilən proses getdi və münasibətlər əsasən normal oldu”, İsa Qəmbər Amerikanın Səsinə deyib.

Onun firkincə, 2025-ci ilin yanvarından başlayacaq prezidentlik müddətində Trampın Azərbaycanla bağlı siyasətini qiymətləndirmək üçün onun fəaliyyətində proqnozlaşdırılan və proqnozlaşdırılmayan isitqamətlərə fikir vermək lazımdır.

Xüsusilə Trampın Rusiya ilə, İranla, o cümlədən Türkiyə ilə münasibətləri necə olacaq? Bu münasibətlərdəki dəyişikliklər hansısa istiqamətdə getməsindən aslı olmayaraq bölgəyə ciddi təsir edəcək.

“Proqnozlaşdırılan istiqamətlərdə əlbəttə ki, problem olmayacaq. ABŞ hər zaman Azərbaycandan beynəlxalq təhlükəsizlik məsələlərində, xüsusilə bölgə üzrə təhlükəsizlik məsələsində və enerji məsələlərində ABŞ-ı təmin edən mövqe tutmasını istəyirdi. Tramp bunu ola bilsin daha çox aydın şəkildə istəyəcək. Bu istiqamətdə də Qərbin gözləntilərinin Azərbaycanın maraqlarına zidd olmadığını nəzərə alsaq problem olmamalıdır. Yəni beynəlxalq təhlükəsizlik, enerji məsələlərində də Avropa ilə enerji əlaqələrində də hesab edirəm ki, Azərbaycan öz maraqlarına uyğun uğurlu addımlar ata bilər”, Müsavat başqanı qeyd edib.

İsa Qəmbərin fikrincə, Trampın fəaliyyətində proqnozlaşdırılmayan istiqamətlər də ola bilər.

“Xüsusilə Trampın Rusiya ilə, İranla, o cümlədən Türkiyə ilə münasibətləri necə olacaq? Bu münasibətlərdəki dəyişikliklər hansısa istiqamətdə getməsindən aslı olmayaraq bölgəyə ciddi təsir edəcək. Cənubi Qafqaza, o cümlədən Azərbaycana ciddi təsir edə bilər. Bu məsələlərdə Azərbaycan hakimiyyəti maksimum diqqətli olmalıdır. Burada bütün istiqamətlərdə, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mövqeyində gözlənilməyən, proqnozlaşdırılmayan addımlar məncə istisna deyil. Ona görə də Azərbaycan hakimiyyəti Trampın bu xasiyyətini də nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmalıdır ki, Azərbaycana onun prezidentliyi müddətində ziyan görməsin və maksimum xalqımızın maraqlarına uyğun şəkildə faydalanmaq mümkün olsun”, İsa Qəmbər deyib.

Millət vəkili Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov: Azərbaycan Trampın hakimiyyəti illərində davranışların dəyişəcəyinə ümid edir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə deyib ki, Azərbaycan hər zaman ABŞ-la münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına nəzərdə tutulan prinsip əsasında qurmağa çalışıb.

Your browser doesn’t support HTML5

Bəhruz Məhərrəmov: Azərbaycan Trampın hakimiyyəti illərində davranışların dəyişəcəyinə ümid edir  

“Ötən dövr ərzində bu istiqamətdə çox ciddi nailiyyətlər əldə olunub. Amerika və Azərbaycan arasında istər enerji sektorunda, istər çox geniş arealda, yəni İraqdan Əfqanıstana qədər, eyni zamanda Kosovaya qədər çox geniş arealda təhlükəsizlik sahəsində tərəfdaşlıqlar qurulub və ciddi uğurlar əldə olunub”.

O hesab edir ki, bir qayda olaraq demokratların hakimiyyəti illərində bütövlükdə ABŞ administrasiyasında islam dünyasına münasibətdə müəyyəm bir aqressiya yaranır.

“O cümlədən hazırda iqtidarda olan cənab Baydenin komandasında biz bu prosesi daha çox hiss etdik. Demokratlar bölgəmizə münasibətdə xüsusi radikal davranış nüşayiş etdirməyə başladılar. İnsan haqları, demokratiya pərdəsi altında bir sıra coğrafiyalarda olduğu kimi məhz bu ərazilərə yersiz müdaxilə cəhdlərinin şahidi olduq. Eyni zamanda ABŞ cari administrasiyanın hakimiyyəti illərində Cənubi Qafqazda vəziyyətin gərginləşməsində bir maraqlı subyekt kimi çıxış etməyə başladı”, o qeyd edib.

Bölgəyə daha sağlam niyyətlə əməkdaşlıq formatında, ABŞ-ın özünün sağlam maraqları qismində yanaşılacaqsa, təbii ki, biz bu əməkdaşlıqdan şad olacağıq.

Deputatın fikrincə, Azərbaycan ümidl edir ki, Trampın hakimiyyəti illərində davranışlar dəyişəcək.

“Bölgəyə daha sağlam niyyətlə əməkdaşlıq formatında, ABŞ-ın özünün sağlam maraqları qismində yanaşılacaqsa, təbii ki, biz bu əməkdaşlıqdan şad olacağıq. Əminəm ki, necə ki, ötən periodda olduğu kimi, bu periodda da cənab Trampın hakimiyyəti illərində ABŞ-Azərbaycan münasibətlərində müəyyən irəliliyişlərə nail olacaq. Hər iki dövlətin maraqlarına xidmət edən bir situasiyanın formalaşmasına, əvvəlki dövr hakimiyyətinin açıq şəkildə ermənipərəst, beynəlxalq hüquqa zidd davrsnışlarının qaldırılması istiqamətində biz birlikdə işləyə biləcəyik”, o qeyd edib.