Rəşt İnqilab Məhkəməsinin 3 saylı şöbəsi milli fəal Vədud Əsədiyə qiyabi olaraq verilmiş 5 il 6 aylıq həbs cəzasını qüvvədə saxlayıb. Bu qərar oktyabrın 27-də onun iştirakı ilə keçirilmiş məhkəmə iclasında etirazının dinlənilməsindən sonra qəbul edilib.
Əsədi Instagram səhifəsində məhkəmə hökmünün mətnini yayımlayaraq, 5 il yarım həbs cəzasının “rəhbərliyi təhqir etmək,” “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşmalara üzv olmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları əsasında verildiyini qeyd edib.
Məhkəmə prosesi zamanı Əsədinin müdafiə çıxışı təqdim olunsa da, hökm qüvvədə saxlanılıb. Hökmə əsasən, Gilan vilayətinin Rəşt şəhərində yaşayan bu türk fəal, xaricdəki azərbaycanlı siyasi fəallarla və daxildəki fəallarla, xüsusilə Abbas Lisani ilə əlaqədə olmaq, Telegram qruplarına üzvlük və ölkə rəhbərliyini tənqid edən paylaşımlar etməkdə ittiham olunur. Əsədinin azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı sosial mediada etdiyi paylaşımlar da ittihamların əsasını təşkil edir.
Hökmün mətni sosial şəbəkələrdə qruplara üzvlük, müxtəlif paylaşımlar və azərbaycanlı siyasi məhbuslara dəstək kimi fəaliyyətlərin ittiham nümunəsi kimi göstərildiyini vurğulayır. Ümumiyyətlə, fəalın sosial şəbəkələrdəki fəaliyyəti, paylaşdığı məzmun və qeydlər ona qarşı irəli sürülən ittihamlara cinayət nümunəsi olaraq göstərilir.
SEE ALSO: İranın Rəşt şəhərində siyasi fəal Vədud Əsədinin məhkəmə iclası keçirilibİran qanunlarına əsasən, təqsirləndirilən şəxslərin qiyabi qərarlara etiraz etmək hüququ var və bu, onlara öz müdafiələrini şəxsən təqdim etmək imkanı verir. Bu prosedur ilkin qərarı çıxarmış məhkəmədə və eyni hakim tərəfindən aparılır.
Məhkəmə qərarına əsasən, Əsədi iyirmi gün ərzində vilayət apellyasiya məhkəməsinə müraciət edə bilər. Bu qərar sentyabr ayında Rəşt İnqilab Məhkəməsinin hakimi Mehdi Rasexi tərəfindən qiyabi olaraq verilib və etirazdan sonra bir daha təsdiqlənib.
Gilan vilayətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədi bundan əlavə, Əbülqasım Salavatinin rəhbərlik etdiyi Tehran İnqilab Məhkəməsində ayrı bir iş üzrə 4 il həbs cəzasına məhkum edilib.