Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev noyabrın 11-də Bakıda açılacaq COP29 iqlim konfransı ilə bağlı bəyanatla çıxış edib. Səfir bildirib ki, Ukrayna COP29-un Bakıda keçirilməsini alqışlayır.
Ukraynanın Azərbaycandakı səfirliynin Amerikanın Səsinə təqdim etdiyi bəyanatda deyilir ki, Ukrayna vaxtilə Şərqi Avropa ölkələrindən BMT-nin İqlim Konfransına (COP29) ev sahibliyi etmək üçün Azərbaycanın müraciətini ürəkdən dəstəkləyib, iqlim və ekoloji problemlərə qarşı qlobal mübarizə üçün bu addımın əhəmiyyətini dərk edir.
“Bakıda keçiriləcək COP29 ölkə liderlərinin qlobal iştirakını tələb edən ekoloji və enerji təhlükəsizliyi məsələlərinin həllinə mühüm töhfə verəcəyindən əmindir”, o qeyd edib.
Səfir hesab edir ki, Ukrayna Sülh Formulasının birinci bəndi Radiasiya və Nüvə Təhlükəsizliyidir, üçüncü və səkkizinci bəndlər də bütün bəşəriyyət üçün fundamental çağırışları, xüsusən də Enerji və Ətraf Mühitin Təhlükəsizliyini əks etdirir.
“Bu məsələlər xüsusi əhəmiyyət kəsb edir, çünki qlobal enerji böhranları, Avropada ən böyük olan Zapirijye AES-in Rusiya tərəfindən işğalı və ekoloji təhlükələr bütün dünya birliyinin birgə səylərini tələb edir. Bu mövzular tezliklə Bakıda öz işinə noyabrın 11-də başlayacaq COP29-da müzakirə olunacaq. Ətraf mühitin mühafizəsi, iqlim risklərinin minimuma endirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi bütün dünyanı birləşdirən vəzifələrdir və biz COP29-un təşkili və keçirilməsində Azərbaycanın səylərini dəstəkləyir və bu mühüm tədbirin həyata keçirilməsində uğurlar arzulayırıq”, bəyanatda qeyd edilir.
O hesab edir ki, təhlükəsiz gələcək uğrunda mübarizəyə sadiq olan Ukrayna hətta müharibə dövründə də qlobal iqlim problemlərinin həllində dünya birliyi ilə fəal əməkdaşlıq edir.
“Biz əminik ki, yalnız birgə səylərlə hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq, eləcə də dünyanı gələcək nəsillər üçün qoruyub saxlamaq olar”, səfir qeyd edib.
Səfir həmçinin bildirib ki, Ukraynada Rusiya “təcavüzünün səbəb olduğu vəhşi, qanlı müharibə davam edir”.
“Bu müharibə hər gün insan həyatına son qoyur, evləri, infrastrukturu dağıdır, ekologiyaya və ətraf təbii mühitdə saysız-hesabsız itkilərə səbəb olur. Ukrayna bu dünyada hər kəsdən çox sülhə can atır, çünki bu Rusiya-Ukrayna müharibəsinin vəhşiliyini hər gün hiss edən bizik. Biz yaşamaq hüququ, azadlıq və ədalət uğrunda mübarizənin önündəyik. Ukrayna Avropanın və dünyanın sabit gələcəyi üçün etibarlı əsasa çevriləcək ədalətli sülh axtarır və buna yeganə alternativ yol Ukrayna Prezidenti Volodımır Zelenskinin Sülh Formulasıdır (Ukrayna Sülh Formulası)”.
Səfir Husyev daha sonra Ukrayna Sülh Formulasının yüz ölkə tərəfindən dəsətkləndiyini bildirib.
“Sülh Formulasının əsas bəndlərindən biri BMT Nizamnaməsinin həyata keçirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpasıdır. Bu, mühüm prinsipdir, çünki beynəlxalq hüquq normalarına qayıdış təkcə Ukraynanın təhlükəsizliyinə deyil, həm də bütün beynəlxalq münasibətlər sisteminin sabitliyinə təminat verir”.
Səfir Azərbaycana Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl və sistemli dəstəyinə, eləcə də bu ölkə üçün vacib olan humanitar yardıma görə səmimi minnətdarlığını bildirib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqandır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.