Məhkəmə iqtisadçı Fərid Mehralızadənin apellyasiya şikayətini təmin etməyib

Fərid Mehralızadə-iqtisadçı

Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fərid Mehralızadənin avtomobilinə həbs qoyulması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə iqtisadçının şikayəti təmin edilməyib və Xətai Rayon Məhkəməsinin avtomobilə həbs qoyulması ilə bağlı 27 avqustda çıxartdığı qərar qüvvədə saxlanılıb.

Məhkəmə Mehralızadənin həbsindən sonra istintaq orqanının vəsatətilə belə qərar çıxarıb.

İttiham tərəfi iddia edir ki, Fərid Mehralızadə avtomobilə cinayət yolu ilə əldə edilən gəlir vasitəsilə sahib olub.

Öz növbəsində, Fərid Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova bildirib ki, məhkəmə prosesində iqtisadçı da iştirak edib.

“Fərid qeyd etdi ki, qərar absurddur. Burada ədalətli qərar gözləmirdi”, o deyib.

Your browser doesn’t support HTML5

Fərid Mehralızadənin əmlakına qoyulan həbs qərarı qüvvədə saxlanılıb

2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında Abzas Media-nın işi üzrə altı jurnalist və mətbuat işçisi (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov, Hafiz Babalı) həbs edilib. Sonradan bu iş üzrə bu lin iyununda iqtisadçı Fərid Mehralızadə həbs olunub.

Əvvəlcə onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar - Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirir.

Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıb.