“Amerika Birləşmiş Ştatları Azərbaycanın və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydalarını rəsmiləşdirmək qərarını alqışlayır”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X Platformasında paylaşım edib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirməsi davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir.
“ABŞ hər iki tərəfin regionda təhlükəsizlik və rifah naminə davamlı, ləyaqətli sülh yolunda çalışmalarını dəstəkləyir”, Miller bildirib.
Oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ayrılıqda 2024-cü il avqustun 30-da imzalanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”ni təsdiq edib.
Sənədin Azərbaycanda və Ermənistanda təsdiqi oktyabrın 24-də Kazan şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündən sonraya təsadüf edir.
Prezident İlham Əliyev görüşün yekunu ilə bağlı bildirib ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
"İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib", Prezident Əliyev qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdən öncə BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iclasındakı çıxışında bildirib ki, “Ermənistan ilə Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi "ən azı 80-90 faiz razılaşdırılıb".
“Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı formulalar artıq tam razılaşdırılıb. Qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi haqqında, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmə prinsipinə əməl olunması məsələsi üzrə, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması razılaşdırılıb”, o qeyd edib.
Nikol Paşinyan deyib ki, Ermənistan beynəlxalq nəqliyyat kommunikasiyaları və onun ərazisindən keçən boru kəmərlərində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə tam təmin etməyə hazırdır.
“Ermənistan Azərbaycana sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə Naxçıvanla əlaqəni təmin etməyi təklif edib”, o qeyd edib.
2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci görüşündə tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Bu ilin mayında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bildirib ki, mayın 24-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistanın dövlət sərhədinin Tavuş vilayətində Berkaber qəsəbəsi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis yaşayış məntəqələri yaxınlığında 4,9 kilometr uzunluğunda hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.
Bildirilir ki, 2024-cü il iyulun 24-dək həmçinin Kirants kəndi ərazisində dövlət sərhədinin 5,8 kilometrlik hissəsinin mühafizəsinə keçid həyata keçirilib.