Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində üç ay həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti ağır olaraq qalır. O 35 gündür aclıq edir. Həkim jurnalistin hər an komaya düşə biləcəyini bildirib.
Bu barədə Amerikanın Səsinə oktyabrın 24-də onunla Gürcüstan Penitensiar Xidmətinin Tibb müəssisəsində görüşündən sonra həyat yoldaşı Sevinc Sadıqova bildirib.
“Əfqanla saxlanıldığı təcridxananın xəstəxanasında görüşdük. O artıq yeriyə bilmir, görüşə əlil arabasında gətirmişdilər. Əvvəlki görüşlərimizdən fəqli olaraq bu dəfə görüşümüz üçün bir saat vaxt qoydular. Bizim danışığımıza müəssisənin əməkdaşları nəzarət edirdi. Orada mənim Əfqanla danışığım barədə qeydlərimin nədən ibarət olduğunu soruşurdular. Görüşümüz şüşə arakəsmənin arxasında keçirilirdi. Əməkdaşlar bir neçə dəfə şüşə arakəsmənin Əfqan olan tərəfinə baş çəkdilər”, o qeyd edib.
Sadıqova bildirib ki, onunla Tibb müəssisəsinin həkimi və psixoloqu da görüşüb.
“Mənimlə görüşənlərdən biri ümumi həkim olduğunu, digəri psixoloq olduğunu dedi. Həkim bildirdi ki, son gündə Əfqandan analizlər götürülüb, onun vəziyyəti çox ağırdır. Böyrəyində ciddi problem var, şəkəri çox aşağıdır. Dedi ki, şəkərin aşağı olması ilə o komaya düşə bilər. Təzyiqi də çox aşağıdır, sürətlə çəki itirir. Həkim həyəcanla məndən xahiş etdi ki, Əfqandan müəyyən vasitələri qəbul etməsini xahiş edim. O nəsə qəbul etməsə hər an həyatını itirə bilər. Daha sonra psixoloq dedi ki, uşaqlarımın yanında Əfqanın səhhətindəki problemlərlə bağlı daha detallı danışa bilmirlər”, o qeyd edib.
Sevinc Sadıqova bildirib ki, onun və övladlarının yalvarışına baxmayaraq Əfqan aclığı dayandırmaq istəmir.
“O dedi ki, sonu ölüm olsa da ədalət bərpa edilənədək aclığı davam etdirəcək”.
Əfqan Sadıqov həyat yoldaşına deyib ki, ötən həftə həbsxana əməkdaşı hamam otağında ona yemək üçün sendvic təklif edib.
“O dedi ki, Tibb müəssisəsində yalnız hamam otağında nəzarət kamerası yoxdur. Həbsxana əməkdaşı nümayişkəranə şəkildə kameraların qarşısında əlində sendvic tutaraq onun olduğu hamam otağına daxil olub. Əfqan yeməkdən imtina etdikdən sonra sendvici hamamda zibil qabına ataraq kooridordakı kameraların qarşısına əli boş çıxıb. Bununla nə demək istədikləri, həbsxana əməkdaşını kimlərin yönləndirdiyi ona məlum deyil”, Sadıqova həyat yoldaşına istinadən Amerikanın Səsinə deyib.
Gürcüstan həbsxanasında sentyabrın 21-dən aclıq edən jurnalist Əfqan Sadıqovun səhhəti kəskin pisləşdiyindən oktyabrın 14-də bu ölkənin Penitensiar Xidmətinin Tibb müəssisəsinə köçürülüb.
Bundan öncə, jurnalistin hüquqlarını müdafiə edən “Gürcüstanın Hüquqları” təşkilatı Əfqan Sadıqovun səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət edib.
Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.
Oktyabrın 16-da Gürcüstan Sosial Ədalət Mərkəzinin hüquqşünası, vəkil Keti Çutlaşvili Gürcüstanda Əfqan Sadıqova bu ölkənin Miqrasiya Departamentinin beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən məhkəməyə şikayət verib.
Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.
İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.
Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.
Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.
Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.
İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib.
Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.
Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.