Azərbaycan Energetika naziri Pərviz Şahbazov İranın energetika naziri Abbas Aliabadi ilə görüşüb.
Bu barədə Şahbazov özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Çində İranın energetika naziri Abbas Aliabadi ilə enerji əməkdaşlığımızın gündəliyində birgə layihələrlə bağlı səmərəli görüşümüz oldu. "Xudafərin" SES, "Qız Qalası" SES, "Ordubad" SES və Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihələrinin icrasından irəli gələn məsələləri, elektrik enerjisinin ixracı və regional elektrik enerjisi əlaqələrinin qurulması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.
Bu yaxınlarda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Məsud Pezeşkianla, neft naziri Möhsin Paknejadla, yol və şəhərsalma naziri Fərzanə Sadiqlə və iqtisadiyyat naziri Əbdünnasir Himməti ilə görüşüb.
İqtisadiyyat naziri Əbdünnasir Himməti bildirib ki, Azərbaycanla İranın ticarət həcmi 400 milyon dollara yaxındır.
Yol və şəhərsalma naziri Fərzanə Sadiqi İranın Rəşt-Astara dəmir yolunun tikintisinə başlamasına toxunaraq deyib: “Bu məsələ Şimal-Cənub Dəhlizinin inkişafı üçün dönüş nöqtəsidir və bu marşruta aparan dəmir yolu infrastrukturunun inkişafı üçün Azərbaycan hökumətinin əməkdaşlığı çox önəmlidir”.
Yol və Şəhərsalma naziri iki ölkə arasındakı yol sahəsində optimal sərhəd imkanlarını vurğulayaraq bildirib ki, gündəlik qəbul edilən donanmaların sayı Astara sərhədində 1000-ə, Biləsuvarda 800-ə, Culfada 700-ə, Poldəştdə 600-ə çatdırılsın.
Fərzanə Sadiq iki ölkə arasında birgə uçuşların artırılmasının vacibliyini də qeyd edərək deyib: “İki ölkə arasında hava nəqliyyatı inkişaf etdirilməlidir. Bu istiqamətdə hər iki ölkədə birgə uçuşların artırılmasına zəmin yaradılmalıdır”, o qeyd edib.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İranda apardığı danışıqlar iki ölkənin münasibətlərinə müsbət dinamika gətirmək üçün bir cəhddir.
“İranda görüşlərdə tərəflər iqtisadi, ticarət, enerji, infrastruktur, hərbi əməkdaşlıq və regionda sülhü yaratmaq üçün birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib. Yəni sözügedən görüşlərdəki standart ifadələr heç nəyi dəyişmir və nə Azərbaycanın İrana, nə də İranın Azərbaycana qarşı olan münasibəti dəyişməz olaraq qalır. Bir az dərinə getsəydik, Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı deyəcəkdi ki, bu, İranın “qırmızı xətt”idir”, təhlilçi qeyd edib.
Azərbaycan və İran əlaqələri
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranmışdır. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
2023-cü il aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə həmin il mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 2024-cü ilin yanvarında cinayəti tərödən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarılıb. Diplomatik mənbələrdən Amerikanın Səsinə bəlli olduğuna görə, hökm hələ icra edilməyib.
Bununla yanaşı, son zamanlarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.
Daha sonra iki ölkənin hərbi və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.
Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.
Həmçinin bu il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.