Avropa Parlamenti oktyabrın 22-də Azərbaycanda insan haqlarının vəziyyəti və Ermənistanla münasibətlərə dair müzakirələr keçirəcək.
Parlamentin Strasburqdakı plenar iclasında baş tutacaq müzakirələrdə Avropa Komissiyasının nümayəndəsinin bəyanatla çıxış etməsi gözlənilir.
Müzakirələrdən sonra “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” başlıqlı qətnamə layihəsi cümə axşamı səsverməyə çıxarılacaq.
“Müzakirələr və qətnamə həm də Azərbaycanın qonşu Ermənistanla münasibətlərinə yönələcək. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu yaxınlarda bəyan edib ki, iki ölkə arasında sülh sazişi Bakıda gələn ay BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etməzdən əvvəl razılaşdırıla bilər”, Parlamentin mətbuat xidməti bildirib.
Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan son dövlərdə bir sıra çıxışlarında rəsmi Bakını razılaşdırılmış müddəalar üzrə sülh sazişi bağlamağa, qalan məsələlər üzrə danışıqları davam etdirməyə çağırıb.
Azərbaycan prezidenti İlham Əliyev isə Yerevanın bu təklifini reallıqdan kənar hesab etdiyini bildirib. “Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”, Əliyev oktyabrın 14-ü Belçikanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edərkən deyib.
SEE ALSO: Qubad İbadoğlu Saxarov mükafatının namizədləri sırasındadır
Avropa Parlamenti oktyabrın 24-də həmçinin Saxarov Düşüncə azadlığı mükafatının qalibini elan edəcək. Azərbaycanlı iqtisad elmləri doktoru, hökumət tənqidçisi Qubad İbadoğlu mükafata namizədlər arasında üç finalçıdan biridir.
Parlamentin məlumatında qeyd edilir ki, doktor Qubad İbadoğlu azərbaycanlı akademik və antikorrupsiya fəalıdır. O, 2023-cü ildə ölkənin neft və qaz sənayesini tənqid etdikdən və oğurlanmış dövlət resurslarını qaytarmaq üçün xeyriyyə təşkilatı yaratdıqdan sonra həbs edilib. Hazırda ev dustaqlığında olan İbadoğlunu 17 ilə qədər həbs gözləyir.
“Onun həbsi noyabrda Bakıda keçiriləcək COP29 forumu ərəfəsində alimlərə və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaların başlanğıcı idi. Parlament 2024-cü ilin aprelində qəbul etdiyi qətnaməsində ona qarşı ittihamların ləğv edilməsini və səyahət qadağasının aradan qaldırılmasını tələb edib”, məlumatda vurğulanır.
Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılılıb, saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib. İbadoğlu ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu qeyd edib.
Həbsdə olarkən səhhəti pisləşən Qubad İbadoğlunun azad edilməsinə dair çoxsaylı çağırışlar edilib. Bu il aprelin 22-də onun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Avropa Parlamenti 2023-cü ilin sentyarbrında və bu ilin aprelində İbadoğluna qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə, insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanksiyalara çağıran iki qətnamə qəbul edib.
Parlament İbadoğlu ilə yanaşı digər siyasi məhbusların da azad edilməsinə və siyasi təqiblərə son qoyulmasına çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.