Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi hakim Əbülqasım Salavatinin sədrliyi ilə milli fəallar Tahir Nəqəvi və Salar Tahir Əfşarı ümumilikdə 11 il həbs cəzasına məhkum edib. Hər iki fəal ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək ittihamı ilə təqsirli bilinib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, fevral ayından Evin həbsxanasında saxlanılan vəkil Tahir Nəqəvi "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin "sistem əleyhinə təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə əlaqədar əlavə olaraq 1 il həbs cəzasına məhkum olunub. Bundan əlavə, Nəqəviyə 2 il ölkədən çıxış qadağası və sosial hüquqlardan, eləcə də partiya üzvlüyündən məhrumiyyət qərarı verilib.
Azərbaycanlı milli fəal Salar Tahir Əfşar isə, "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə 5 il həbs cəzası alıb. O, İnstagram səhifəsində qərarla bağlı vəkilinin vasitəsilə şifahi olaraq məlumat aldığını qeyd edib.
Əfşar fevralın 6-da Urmiyədə həbs edildikdən sonra Tehrandakı Evin həbsxanasının 209-cu bölməsi kimi qeyd olunan Kəşfiyyat Nazirliyinin təcridxanasına göndərilib və təxminən 3 həftə dindirilmişdi. O, daha sonra müvəqqəti olaraq 800 milyon tümənlik girov müqabilində zaminə buraxılmışdı.
Bu il iyulun 14-də Salar Tahir Əfşar və Vədud Əsədinin Tehranda hakim Salavatinin sədrliyi ilə keçirilən sonuncu müdafiə iclası baş tutmuşdu. Həmin iclasda milli fəallara qarşı irəli sürülən ağır ittihamlar onların etirazına səbəb olmuşdu.
SEE ALSO: Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilibTehran İnqilab Məhkəməsi bundan əvvəl 6 türk fəala ümumilikdə 51 il həbs cəzası verib. Hələ ki, fevralın ilk həftəsində tutulan Mürtəza Pərvin, Səid Minayi, Vədud Əsədi və digər fəalların məhkəmə qərarı açıqlanmayıb.