Vəkillər hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin direktoru Anar Məmmədlinin səhhəti ilə bağlı həyəcan təbili çalır.
Vəkil Cavad Cavadov aidiyyatı qurumlardan insanın səhhəti ilə bağlı məsələyə biganə yanaşmamağı xahiş edir.
“Keçən həftənin birinci günü vəkil Elçin Sadıqovla Bakı İstintaq Təcridxanasında Anar Məmmədli ilə görüşəndə bizə bildirdi ki, səhhətində olan çoxsaylı problemlər artıq onu ciddi narahat etməyə başlayıb və əsaslı müayinəyə ehtiyacı var. Belə qərarlaşdıq ki, bu məsələ ictimailəşdirilmədən müvafiq instansiyalara müraciət edək.
Elə həmin gün tərəfimdən Anarın özünün yazdığı dəst-xətti ilə ərizəni Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən tutmuş Penitensiar Xidmət, Daxili İşlər Nazirliyi, Ombudsmana göndərdim. Xahiş etdik ki, onun əsaslı müayinəsi mülki xəstəxanada aparılsın. (bura ultrasəs müayinəsindən tutmuş digər zəruri analizlər daxildir). Onun səhhətində açıqlamasını istəmədiyimiz ciddi narahatedici məqamlar var. Dünən Elçin Sadıqov Anarla görüşüb və bu müraciətlə bağlı onunla ümumiyyətlə maraqlanan olmadığını öyrənibdir. Bu səbəbdən bunu publik yazmaqdan başqa yolumuz qalmadı”, o qeyd edib.
Vəkil deyir ki, Anar Məmmədli həkim olan ailə üzvlərindən onu narahat edən məsələ ilə bağlı müalicə yazılmasını istəyib.
Vəkil hesab edir ki, çevik olan məsələlərdə bürokratik əngəllər yaradılır.
“Məhbus və məhkumların tibbi təminatı Ədliyyə Nazirliyi tərəfindən Penitensiar Xidmətin səlahiyyətlərindən çıxarılıb və Tibb Baş İdarəsinə həvalə edilib. Beləliklə çevik həll edilməli olan məsələdə çox böyük bürokratik əngəllər yaranır. Bu məsələ öz həllini tapmalıdır”, Cavad Cavadov əlavə edib.
Öz növbəsində, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Anar Məmmədlinin vəkilinin dediklərinə hələ münasibət bildirməyib.
Ombudsman Aparatı isə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun həkim üzvünün də iştirakı ilə Anar Məmmədli oktyabrın 11-də saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında konfidensial qaydada qəbul edilmiş, müraciətləri dinlənilmişdir. Onun saxlanma şəraiti ilə bağlı müraciətləri dərhal müəssisə rəhbərliyinin diqqətinə çatdırılmış və yerində təmin edilmişdir.
“Eyni zamanda Anar Məmmədlinin səhhəti ilə bağlı mediada yayılmış məlumatlar araşdırılmış, oktyabrın 17-də o, Bakı İstintaq Təcridxanasının Tibb Sanitariya Hissəsinin baş həkimi tərəfindən də qəbul edilmişdir. Anar Məmmədli zəruri tibbi müayinələrdən keçirilmiş, analizlər götürülmüşdür.
Həmçinin vəkil Cavad Cavadovun Ombudsmana ünvanlanmış ərizəsi üzrə Anar Məmmədlinin səhhəti ilə bağlı və özünün seçdiyi özəl klinikada müayinəsinin aparılmasının təmin edilməsi məsələsi də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qarşısında qaldırılmışdır.
Anar Məmmədlinin hüquqlarının təmini məsələsi Ombudsmanın diqqətindədir, səlahiyyətlərimiz çərçivəsində onun hüquqlarının müdafiəsi istiqamətində addımlar atılır”, Ombudsman Aparatının cavabında qeyd edilir.
Hüquq müdafiəçisi Anar Məmmədlinin hüquqlarının müdafiəsi ilə bağlı kampaniyanı aparanlar da onun təcridxanada səhhətinin pisləşməsindən narahatdır.
Müəlliflər Azərbaycan Respublikası hökumətini, xüsusən də Azərbaycan Ədliyyə Nazirliyinin Tibb İdarəsini Anar Məmmədlinin həbsdə olarkən adekvat tibbi müayinədən keçmək hüququnu yerinə yetirməyə çağırır.
"Biz həmçinin beynəlxalq ictimaiyyəti Anar Məmmədlinin işini prioritet məsələ kimi nəzarətə götürməyə çağırırıq. Anar Məmmədli bu günə kimi səhhətinin ictimai mövzu olmasını istəmirdi. Səlahiyyətlilərin cavabsızlığını nəzərə alaraq, o, indi bizim bəyanatımızda təfərrüatlı olan dörd ciddi narahatlıqla bağlı təcili müayinə və adekvat qayğı tələb edir.
O, konstitusiya hüquqlarına və beynəlxalq insan hüquqları qanunlarına uyğun olaraq müstəqil tibbi müayinədən keçməli və adekvat sağlamlıq xidməti almalıdır. Azərbaycanda həbsxana şəraitinin pis olmasının Anar Məmmədlinin səhhətinə təsiri düzəlməz nəticələrə səbəb ola bilər” , kompaniya müəllifləri qeyd edir.
Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Azərbaycanl rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.
Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.
O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.