Mülki şəxs minaya düşərək xəsarət alıb

Mina (Mənbə: ANAMA)

Oktyabrın 14-də Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi (Bakıdan 500 kilometr qərb, Ermənistanla həmsərhəd) ərazisində mülki şəxs minaya düşərək xəsarət alıb.

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatına görə, kənd sakini İlkin Sarıyev mal-qara otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

"Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır", xəbərdə qeyd edilir.

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək 368 nəfər vətəndaş mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil olmaqla, 69 nəfər həlak olub.

Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.