Şərqi Azərbaycan vilayətində yerləşən Vərziqanın millət vəkili Rza Əlizadə vilayətin və Təbrizin sənaye vəziyyətindən narahatlığını ifadə edərək, bu bölgənin son 12 ildə digər sənaye bölgələri ilə müqayisədə tədricən gerilədiyini vurğulayıb.
Fars xəbər agentliyi ilə müsahibəsində Parlamentin Sənaye və Mədən Komissiyasının sədri olan Əlizadə bir vaxtlar İranın sənaye mərkəzi olan Şərqi Azərbaycan və Təbrizdə maşınqayırma, traktorqayırma və diyircəkli yastıq istehsal edən bir sıra fabriklərin ya müflis olduğunu, ya da zərərlə işlədiyini qeyd edib. O, bu fabriklərin bir zamanlar ölkənin sənaye brendləri olduğunu xatırladıb.
Əlizadə "səhv özəlləşdirmə"ni sənayenin inkişafına zərbə kimi qiymətləndirib və konstitusiyanın 44-cü maddəsinə əsasən böyük zavodların özəl sektora verilməsi əvəzinə müxtəlif aidiyyatı olmayan qurumlar, fondlar və təşkilatlar arasında bölüşdürüldüyünü bildirib. O, tətbiq olunan özəlləşdirmə siyasətinin yanlış olduğunu və bunun istehsalçılara, eləcə də özəl sektora ciddi ziyan vurduğunu deyib.
İran İslam Respublikasının Konstitusiyasının 44-cü maddəsi ölkə iqtisadiyyatının dövlət, kooperativ və özəl sektorlar əsasında bölüşdürülməsini nəzərdə tutur. Dövlət sektorunun 80%-nin özəl sektora ötürülməsi prosesində şəffaflığın olmaması, bu sektorlara aidiyyatı olmayan qurumlara ötürülməsi, transfer olunan şirkətlərin maliyyə problemləri və istehsalın dayandırılması kimi problemlər sənaye sektorunda ciddi çətinliklərə səbəb olub.
Buna baxmayaraq, Əlizadə ölkənin hazırkı şəraitində bəzi strateji sənaye sahələrinin Şərqi Azərbaycana cəlb edilməsi üçün imkanlar olduğunu iddia edərək, bu istiqamətdə ümidli olduğunu bildirib.