Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, "dələduzluq"da ittiham olunan Rail Abbasovun işi üzrə proses davam edib.
Vəkil Elçin Sadıqov Abbasovun mobil telefonunun araşdırılması və nəticələrin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırıb. Müdafiə tərəfi hesab edir ki, bu, Abbasova "zərərçəkmiş" tərəfindən zənglərin olmadığını aşkar edəcək, baxmayaraq ki, ittiham tərəfi bunun əksini iddia edir.
Məhkəmə maddi sübutların araşdırılması mərhələsinə qədər vəsatətə baxılmasını təxirə salıb.
Belə olduğu halda, vəkil məzmunu öyrənmək üçün telefonun müdafiə tərəfinə təqdim edilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə bu vəsatətin araşdırılmasını da maddi sübutların araşdırılması mərhələsinə qədər təxirə salıb.
Bununla əlaqədar vəkil Sadıqov etiraz edərək bildirib ki, müdafiəçinin maddi sübutlarla tanış olmasına qadağa qoyula bilməz. Hakim bunun qadağan olmadığını, sadəcə, məsələnin təxirə salındığını bildirib.
İş üzrə növbəti məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.
İctimai fəalın məhkəməsi bu il mayın 6-da başlayıb. Rail Abbasov məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib. O qeyd edib ki, Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunub.
Bakının Nəsimi rayon Məhkəməsi ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.