Şərqi Azərbaycan vilayətinin yeni təyin olunmuş valisi Bəhram Sərməst Təbrizdəki vəzifə qəbulu mərasimində Azərbaycanın, xüsusən də Təbrizin iqtisadi və sosial problemlərindən danışıb. O, vilayətin geriləməsini aradan qaldırmaq üçün ciddi tədbirlər görməyin vacibliyini vurğulayıb.
İran mediasına istinadən, Məsud Pezeşkian hökuməti tərəfindən yeni vali təyin edilən Sərməst çıxışında bildirib ki, “Bir vaxtlar Təbriz hər sahədə lider şəhər idi, amma indi bu mövqeyini itirib. Təbriz artıq ilklər şəhəri deyil, yeddinci və səkkizinci sıraya düşüb. Keçmişi tənqid etməyə öyrəşməmişəm, amma ondan dərs alaraq gələcək üçün planlar qurmalıyıq”.
SEE ALSO: Şərqi Azərbaycan vilayətinin yeni valisi təyin edilibSərməst "Azərbaycanın ləyaqət və mədəniyyətinin sarsıldığını" qeyd edib və bunları yenidən bərpa etməyin zəruri olduğunu vurğulayıb. O bildirib ki, vilayətdə qısa müddətdə bəzi iri layihələrin həyata keçirilməsi vacibdir. “Milli birlik hökumətinin nümayəndəsi olaraq bu layihələri proqram əsasında irəli aparacağam”- deyə, o əlavə edib.
Özünü mötədil islahatçı kimi təqdim edən vali "Azərbaycan coğrafiyasının tarixi eroziyaya uğradığını, ana sənaye sahələrinin isə köhnəldiyini" və təcili olaraq yenilənməli olduğunu qeyd edib. O vurğulayıb ki, vilayətdə infrastruktur layihələri və digər meqa layihələri sürətlə başa çatdırmaq üçün çalışacaq.
Əslən Binab şəhərindən olan Sərməst çıxışında Azərbaycanın prezident seçkilərində mühüm rol oynadığını qeyd edərək deyib: “Əgər Azərbaycan seçkilərdə iştirak etməsəydi, bu gün Pezeşkian hökuməti mövcud olmayacaqdı, çünki onun əsas seçici dəstəyini Azərbaycan təmin etdi.”
Şərqi Azərbaycan vilayəti bəzi yerli rəsmilərin dediyi kimi artıq bir neçə onillikdir ki, dövlət investisiyalarından məhrum qalıb. İnfrastruktur, o cümlədən enerji təchizatı, nəqliyyat yolları və əsas sənaye sahələri kimi böyük investisiyalar tələb edən sahələrdə ciddi geriləmələr müşahidə olunur.
SEE ALSO: Təbriz bələdiyyə başqanı: Son 50 ildə Şərqi Azərbaycana əhəmiyyətli sərmayə qoyulmayıbTəbriz bələdiyyə başqanı Yaqub Huşyar keçən həftələrdə son 50 ildə Şərqi Azərbaycana dövlət tərəfindən heç bir ciddi sərmayə yatırılmadığını bildirmişdi.
Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jaele isə dəfələrlə vilayətdə maliyyə resurslarının az olması və habelə özəl sektorun bank resusrlarında faydalana bilməməsi kimi problemlərə toxunaraq, vilayətin iqtsadiyyatında azalma olduğundan şikayətlənib.
SEE ALSO: Şərqi Azərbaycanda bəzi rəsmilər vilayətin iqtsadiyyatında azalma olduğunu bildiribYeni vali Bəhram Sərməstin sözlərindən də göründüyü kimi Şərqi Azərbaycan vilayəti həm iqtisadi, həm də mədəni baxımdan geriləyib və tarixi əhəmiyyətini itirib.
Təbriz şəhəri bir vaxtlar İranda müasir sivilizasiyanın qabaqcıl mərkəzlərindən biri idi. İlk kitabxana, ilk kinoteatr, ilk mətbəə və elektrik enerjisi ilə işıqlandırılan ilk küçələr kimi yeniliklər burada həyata keçirilmişdi. Lakin son bir əsrdə, xüsusən də son beş onillikdə İran Azərbaycanı ciddi uğursuzluqlarla üzləşib.