İran-İsrail silahlı qarşıdurmasının regional təsirləri - Azərbaycandan baxış

İran iki raketi sınaqdan keçirərkən

Oktyabrın 1-də İran İsrailə raket zərbələri endirib. İsrail hərbçiləri hücumda İranın 180-dən çox raketdən istifadə etdiyini bildirib.

İsrail Baş Naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib ki, İran “böyük səhvə yol verib” və onun ölkəsinə hücum etdiyinə görə bədəl ödəyəcək.

İranın dövlət xəbər agentliyi İRNA Teleqram kanalında hücumların videosunu və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını paylaşıb. Həmin bəyanatda İranın İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarını hədəf aldığı bildirilir.

Son hücumun HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və Livanda Hizbullah və SEPAH komandirlərinin öldürülməsinə cavab olduğu bildirilir.

İranın İsrailə raket hücumları Azərbaycanda da reaksiyalar doğurub.

Rəsmi Bakı bu gərginliklə bağlı şərh verməyib. Azərbaycan Xarici İşlər Naizrliyi Amerikanın Səsinə sorğusuna da hələ cavab verməyib. Bununla yanaşı, müstəqil təhlilçilər və Milli Məclisin deputatları Amerikanın Səsinə iki dövlət arasındakı silahlı gərginliyin refional, o cümlədən İranla qonşu olan Azərbaycana təsirlərinin qaşılmaz olduğunu bildirib.

Şahin Hacıyev

Şahin Hacıyev: Regionda qeyri-stabillik, qeyri-müəyyənlik olacaq

Turan İnformasiya Agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, İranın raket zərbələrinə İsrail cavab verəcək.

“Nəzərə alsaq ki, İsrailin cavabı regional müharibəyə səbəb ola bilər. Odur ki, kifayət qədər düşünüb hərəkət edəcəklər. Amma cavabın olması şübhə doğurmur. Burada daha çox Amerikanın rolu əhəmiyyət kəsb edir. Çünki Amerikanın dəstəyi olmasa, İsrailin cavabı kifayət qədər güclü olmayacaq. Görünən budur ki, Amerika eskalasiyanın tərfədarı deyil və çalışacaqlar ki, İsraili mümkün qədər cavabdan çəkindirsinlər. Yaxın gələcək hadisələrin necə inkişaf edəcəyini göstərəcək”, o belə düşünr.

İki ölkə arasında silahlı gərginliyin regional təsirlərinə gəlincə, Hacıyev hesab edir ki, regional təsirlər qaçılmazdır.

“Bütün qonşu dövlətlərə, ümumiyyətlə bütün regiona təsirləri olacaq. Onu demək kifayətdir ki, İranın, İsrailin, həmçinin qonşu dövlətlərin hava məkanından beynəlxalq uçuşlar, sərnişin təyyarələrinin uçuşları artıq xeyli məhdudlaşıb. Bu həm ticarətə, həm siyasi münasibətlərə təsir edəcək, gərginlik artacaq. İranla Səudiyyə Ərəbistanı və Azərbaycan arasında münasibətlər bir qədər də kəskinləşə bilər. Təbii ki, geniş masştablı müharibə başlasa, burada ümumiyyətlə yalnız region dövlətləri deyil, böyük dövlətlərin də bu hadisələrə müdaxiləsi mütləq baş verəcək. Yəni qeyri-stabillik, qeyri-müəyyənlik olacaq. Bunun nə qədər davam edəcəyini də heç kim indidən deyə bilməz”, o qeyd edib.

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov: Azərbaycan neytral mövqe nümayiş etdirməlidir

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə deyib ki, iki dövlət arasında olan gərginlik və ya müharibənin hansı səviyyəyə qədər inkişaf edəcəyini gözləmək lazımdır.

“Hətta bəzi müşahidəçilər deyir ki, nüvə silahı da istifadə olunacaq. Mən o fikirdəyəm ki, müharibə dövrü uzun çəkməz. İnanaq ki, İranın Qərblə münasibətlərində hər iki tərəf bu və ya digər şəkildə maraqların balansını tapmaq niyyətindədir. Bəlkə də İsrail tərəfindən cavab zərbələri olsa, İranın nüvə obyektləri məhv ediləcək. Bundan sonra da hansısa danışıqların başlanması istisna olunmur”, o qeyd edib.

Bu qarşıdurmanın regiona təsirləri nə ola bilər? Bu suala cavabda keçmiş nazir deyib ki, qarşıdurmanın perspektivdə regiona təsirlərini indi demək bir qədər çətindir.

“İstisna olunmur ki, Qərblə münasibətlərdə İranın bu və ya digər şəkildə hansısa çərçivədə danışıqlar dövrü başlayacaq”.

Zülfüqarov indiki mərhələdə qarşıdurnmanın İranın daxilində gərginlik yaradacağını güman etmir.

“Müharibə olarsa, İranın daxilində gərginlik müharibənin ikinci mərhələsində ola bilər. Əgər İranın daxilində dəyişikliklər baş verərsə, hökumətin təzyiqləri zəifləyərsə bu halda daxili gərginlik mümkün ola bilər. Amma indiki anda bunu gözləmək olmaz”.

O hesab edir ki, Azərbaycan bu qarşıdurmada neytral mövqe nümayiş etdirməlidir.

“Adi bir məsələyə diqqət yetirək. İndi beynəlxalq uçuşları yerinə yetirən təyyarələr Bakı hava limanına enmək üçün icazələr istəyir ki, hava limanına enib yanacaq götürsün. Bu mənada Azərbaycan neyral mövqedə olmalıdır ki, bu mövqenin faydasından istifadə edə bilsin. Söhbət həm də kommunikasiyalardan istifadədən gedir. Azərbaycanın şimalı və cənubunda olan ölkələr artıq stabillikdən uzaqdır. Azərbaycanda stabilliyi qorumaq üçün bizə yardım edənlər çox olacaq. Çünki qərb-şərq yolları yalnız Azərbaycan vasitəsai ilə olacaq”, keçmiş nazir qeyd edib.

Asim Mollazadə

Asim Mollazadə: Azərbaycan regionda hərbi əməliyyatlara son qoyulmasına çalışmalıdır

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə deyib ki, regionda qarşıdurmalar, hərbi əməliyyatların mövcudluğu ümumi duruma mənfi təsir göstərir.

“Azərbaycan çalışmalıdır ki, regionda hərbi əməliyyatlara son qoyulsun. Fikrimcə, İsrailə dünənki hücum cavabsız qalmayacaq. Bu da gərginliyi daha da artıracaq. İstərdim ki, bizim bölgədə hər hansı hərbi əməliyatlar olmasın”, o qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanı narahat edən yeganə ciddi amil İranın Ermənistanla müttəfiq olması, Ermənistana ciddi dəstək verməsidır.

“İranın həm də regionda kommunikasiyaların açılmasına maneçilik törətməsi təbii ki, Azərbaycanın strateji planlarına mənfi təsir edir. Bu tək Azərbaycana deyil, bögəyə yaxın olan bütün ölkələrin planlarını pozur. Ermənistan-İran müttəfiqliyi əslində Orta Şərqə də davam edir”, o belə düşünür.

Rasim Musabəyov

Rasim Musabəyov: Münaqişənin genişlənməsi Azərbaycan üçün əlavə risklərdir

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə deyib ki, İran-İsrail qarşıdurmasının perspektivləri təhlükəli görünür.

“İran hazırda İsrail ərazisinə raket zərbələri endirib. Öz növbəsində İsrail də deyir ki, İranın zərbələri cavabsız qalmayacaq. Münaqişənin bu dərəcədə genişlənməsi qonşu dövlət kimi Azərbaycan üçün müsbət heç nə vəd etmir. İranın limanları vurulduğu halda, Azərbaycanın körfəz ölkələrindən bir çox daşımaları İran ərazisindən keçir. Azərbaycanın Naxçıvanla quru əlaqələri İrandan keçir. Bunların hamısı Azərbaycan üçün əlavə risklərdir. Biz bunu istəməzdik. Bu prosesin hansı şəkildə təhlükəli xətlə irəliləməsinin qarşısı alındığı halda alqışlayardıq. Ancaq təəssüf ki, Azərbaycan bu məsələlərə müdaxilə edə bilməz. Sadəcə olaraq çalışmalıyıq ki, gərginlik Azərbaycana yaxınlaşmasın”, deputat deyib.

O, gərginliyin regionda beynəlxalq uçuşlara, həmçinin Azərbaycan vətəndaşlarının səfərlərinə mənfi təsir etidiyni bildirib.

“İndi İranın hava məkanı bağlıdır. Həftədə altı dəfə Bakıdan İsrailə təyyarə reysləri var idi. İndi bunların hamısı dayanıb. Bunlar öz-özlüyündə təsirlərdir”, Musabəyov qeyd edib.