Accessibility links

İsrail hava hücumunda Hizbullahın daha bir yüksək rütbəli rəsmisinin öldürüldüyünü bildirir


İsrailin Beyrutun cənub hissəsində hava hücumlarından sonra zədələnmiş binalardan tüstü qalxır, Beyrut, 29 sentyabr 2024.
İsrailin Beyrutun cənub hissəsində hava hücumlarından sonra zədələnmiş binalardan tüstü qalxır, Beyrut, 29 sentyabr 2024.

İsrail hərbi qüvvələri bazar günü hava hücumu nəticəsində Livanın bir sıra dağıdıcı zərbələr və qrupun lideri Həsən Nasrallahın öldürülməsi ilə sarsılan Hizbullah militant qruplaşmasının daha bir yüksək rütbəli rəsmisini öldürdüyünü açıqlayıb.

Hərbi qüvvələr bildiriblər ki, Hizbullah Mərkəzi Şurasının sədr müavini Nabil Kauk şənbə günü öldürülüb. Hizbullah tərəfindən dərhal şərh verilməyib və zərbənin harada endirildiyi məlum deyil.

Son həftələrdə İsrailin hücumları nəticəsində Hizbullahın çox sayda yüksək rütbəli komandirləri öldürülüb. Onların arasında qrupun onilliklər boyu ölümdən və ya həbsdən yayınmış və Nasrallaha yaxın olan qurucu üzvləri də var.

Hizbullah həmçinin qrupa məxsus peycerlər və rabitə vasitələrinə İsrailin geniş şəkildə günahlandırıldığı mürəkkəb hücumun hədəfi olub. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Livanın böyük hissələrinə endirdiyi hava hücumları nəticəsində iki həftədən az bir müddət ərzində 156 qadın və 87 uşaq olmaqla, azı 1030 nəfər həlak olub.

Livanda son zərbələr səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətraf Mühit Naziri Nasser Yassin Associated Press agentliyinə bildirib ki, hökumət təxminən 250,000 insanın sığınacaqlarda olduğunu və bundan üç-dörd dəfə çox insanın dostları və ya qohumları ilə qaldığını və ya küçələrdə düşərgə qurduğunu təxmin edir.

Hizbullah İsrailin şimalına raket və mərmi atmağa davam edir, lakin onların əksəriyyəti ələ keçirilib və ya açıq ərazilərə düşərək, az sayda itki və kiçik zərərə səbəb olub.

Kauk 1980-ci illərə qədər Hizbullahın veteran üzvü və 2006-cı ildə İsraillə müharibə zamanı Hizbullahın Livanın cənubunda hərbi komandiri olub. O tez-tez yerli mediada çıxış edərək, siyasət və təhlükəsizlik məsələləri ilə bağlı şərhlər verir və yüksək səviyyəli militantların dəfn mərasimlərində nitqlər söyləyirdi. ABŞ 2020-ci ildə ona qarşı sanksiyalar elan edib.

Hizbullah keçən il oktyabrın 7-də HƏMAS-ın Qəzzadan İsrailə qarşı müharibənin başlamasına səbəb olan hücumundan sonra İsrailin şimalına raket, mərmi və dronlar atmağa başlayıb. Hizbullah və HƏMAS özlərini İsrailə qarşı İranın dəstəklədiyi “Müqavimət Oxunun” bir hissəsi hesab edən müttəfiqlərdir.

İsrail buna hava zərbələri ilə cavab verib və münaqişənin getdikcə genişmiqyaslı müharibəyə çevrilə bilməsi ilə bağlı qorxular artıb.

İsrail təxminən bir il əvvəl evakuasiya edilmiş 60 minə yaxın vətəndaşını şimaldakı icmalara qaytarmaq əzmində olduğunu bildirir. Hizbullah Qəzzada atəşkəs olacağı təqdirdə raketlər atmağı dayandıracağını bildirib.

ABŞ, Qətər və Misirin vasitəçilərinin İsrail və HƏMAS arasında atəşkəsə nail olunması məqsədilə aylardır danışıqlar aparmasına baxmayaraq, nəticə əldə edilməyib.

Forum

XS
SM
MD
LG