Accessibility links

İran İsrailə çox sayda raketlərlə hücum etdi


Bu şəkildə İsrailin İrandan atılan raketləri şimaldakı Baqa əl-Qərbiyə şəhəri səmalarında vurduğu göstərilir. 1 oktyabr, 2024.
Bu şəkildə İsrailin İrandan atılan raketləri şimaldakı Baqa əl-Qərbiyə şəhəri səmalarında vurduğu göstərilir. 1 oktyabr, 2024.

İranın İsrailə yüzdən çox raket atması ilə İsrail və İranın proksi qüvvələri arasındakı qarşıdurma yeni eskalasiya nöqtəsinə çatıb. Səmada çox sayda raketlərin görünməsi ilə İsrailin hər yerində hava hücumu sirenləri səslənib.

İsrail hərbçiləri hücumun axşam saat 7:30 radələrində başlandığını və hücumda 180-dən çox raketin istifadə olunduğunu bildirib.

İsrailin Dəmir Qübbə kimi tanınan hava hücumundan müdafiə sisteminin raketlərin bəzilərini səmada vurduğu görüntülənib.

İranın dövlət xəbər agentliyi olan İRNA Teleqram kanalında hücumların videosunu paylaşıb. O, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını paylaşıb. Həmin bəyanatda İranın İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarını hədəf aldığı bildirilir.

Son hücumun HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və Livanda Hizbullah və SEPAH konmandirlərinin öldürülməsinə cavab olduğu bildirilir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı missiyası yaydığı açıqlamada Tehranın İsrailə "cavab" verdiyni bəyan edib.

"İranın sionist rejiminin terrorist əməllərinə - İran vətəndaşları və maraqlarını hədəf almasına və İslam Respublikasının milli suverenliyinə müdaxiləsinə - qanuni, rasional və legitim cavabı həyata keçirilib," İranın BMT-dəki missiyası X platformasında yazıb.

İranın İsrailə raket hücumlarını müzakirə etmək üçün ABŞ Prezidenti Co Bayden Vitse Prezident Kamala Harris və yüksək rütbəli təhlüksizlik rəsmiləri ilə bərabər təcili toplantı keçirib.

Bundan öncə ABŞ-ın yüksək səlahiyyətli rəsmisi bildirmişdi ki, İran İsrailə qarşı “qabaqcıl” ballistik raket hücumu etməyə hazırlaşır. Adının açıqlanmasını istəməyən rəsmi İran tərəfindən belə bir hücumun baş verəcəyi təqdirdə “ağır nəticələr” barədə xəbərdarlıq edib.

İnternetdə yayımlanan bildirişdə ABŞ-ın İsraildəki səfirliyi “bütün ABŞ hökumət işçilərini və onların ailə üzvlərini növbəti xəbərdarlıq edilənə qədər sığınacaqlada qalmağa” çağırıb.

Ötən həftə İsrailin hava hücumu Hizbullah lideri Həsən Nəsrullahı öldürdükdən sonra bölgədə gərginlik artıb. Nəsrullah və digər Hizbullah liderləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavinini öldürüb.

İran Nəsrullahın ölümünün “cavabsız qalmayacağını” bildirib.

Bu arada, İsrail ordusu çərşənbə axşamı Livanın cənubunda quru qoşunlarının İranın dəstəklədiyi Hizbullah yaraqlılarına qarşı hücuma keçməsindən sonra bölgədə qarşıdurmanın son genişlənməsi olduğunu deyib. Hərbçilər öz transsərhəd hərəkətlərini “məhdud, lokallaşdırılmış, məqsədyönlü əməliyyatlar” adlandırıb və “İsrailin şimalında təhlükəsizliyin bərpası” daxil olmaqla, hədəflərə doğru mübarizəni davam etdirəcəyini bildirib.

BMT-nin Livan üzrə xüsusi koordinatoru Cenin Hennis-Plasşert zorakılığın "təhlükəli yüksəkliklərə doğru irəlilədiyini" deyib.

“Bu zorakılıq dövrü heç kim üçün yaxşı bitməyəcək. Diplomatiyanın uğur qazanması üçün çox az fürsət qalır. İndi sual onun ələ keçiriləcəyi və ya israf ediləcəyindədir” - deyə, Hennis-Plasşert açıqlamasında bildirib.

Təxminən bir ilə yaxın sərhədi keçən hücumlar hər iki tərəfdən minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Hizbullah çərşənbə axşamı bildirib ki, İsrail ordusunun Tel-Əviv yaxınlığında və sərhəd boyu ərazilərdə mövqelərini hədəf almaq üçün raketlərdən istifadə edib.

BMT-nin humanitar agentliyi vəziyyəti “2006-cı il Livan müharibəsindən bəri münaqişənin ən böyük eskalasiyası” adlandırıb və zərər çəkənlərə yardım məqsədi ilə 425 milyon dollar maliyyə istəyib.

“Davam edən zorakılıq və sürətlə pisləşən təhlükəsizlik vəziyyəti [İsrail və Livan arasında] Mavi Xəttin hər iki tərəfində yüz minlərlə insanın həyatını riskə atır”, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin bəyanatında deyilir.

Birləşmiş Ərəb Əmirlikləri çərşənbə axşamı "təhlükəli vəziyyətin fəsadları və regional təhlükəsizliyə təsirindən" narahatlığını ifadə edərək, yardım üçün 100 milyon dollar ayırdığını açıqlayıb.

BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "BƏƏ Livanın birliyinə, milli suverenliyinə və ərazi bütövlüyünə qarşı sarsılmaz mövqeyini təsdiqləyərək, ölkənin bu çətin dövrdə Livan xalqına davamlı dəstəyini vurğulayıb".

Bazar ertəsi İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığında ABŞ-ın müdafiə naziri Lloyd Austin ABŞ-ın İsrailin İran, Hizbullah, Qəzzada yerləşən HƏMAS, Yəməndə yerləşən husilər və İranın dəstəklədiyi digər qruplara qarşı özünü müdafiə etmək hüququna verdiyi dəstəyi bir daha təsdiqləyib.

Pentaqon Austin və Qallantın "sərhəd boyunca hücum infrastrukturunun sökülməsinin zəruriliyi ilə bağlı razılığa gəldiklərini" bildirib.

Forum

XS
SM
MD
LG