ABŞ əhalisi arasında Rusiyanın hərbi təcüvüzünə qarşı mübarizə aparan Ukrayanaya dəstək birmənalı qarşılanmır. Əhalinin Ukrayanaya dəstəklə bağlı mövqeyi bərabər sayda iki yerə bölünüb. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla görüşlərimizdə onların bu mövzuda mövqeyi ilə maraqlandıq.
2024 ABŞ prezident seçkilərində namizədlər – cari vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampın xarici siyasətlə bağlı baxışlarında bir çox fərqlər var. Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparan Ukraynaya ABŞ-ın dəstəyi bu fərqli baxışlar arasında ən çox müzakirə edilənlərdəndir.
Təhlilçilər ehtimal edir ki, Kamala Harris prezident seçiləcəyi təqdirdə ABŞ-ın Ukraynaya dəstəyi indiki xətdən fərqlənməyəcək.
Sabiq prezident Donald Tramp isə Ukraynaya göstərilən maliyyə dəstəyinə görə Bayden administrasiyasını davamlı olaraq hədəf alır. Tramp müharibənin davam etməsinin səbəbi Baydenin səriştəsizliyi olduğunu və seçildiyi halda müharibəyə tezliklə son qoyacağını deyir.
O, münaqişənin həlli ilə bağlı konkret hansı addımlar atacağını açıqlamayıb. Təhlilçilərin bir çoxu sabiq prezidentin bu münaqişəyə yanaşmasının Ukraynanın Rusiya qarşı müdafiəsinin zəifləməsinə səbəb olacağını bildirirlər.
Vaşinqton ştatında Azərbaycan diasporası ilə görüşlərimizdə onların ABŞ-ın Ukrayana dəstəyi ilə bağlı fikirlərini soruşduq.
Elçin Süleymanov: “Təbii olaraq müharibənin əleyhinəyəm. Amma bu da elə bir şeydir ki, Ukrayna özünü müdafiə edir. Müdafiə olunan tərəfə köməklik edirik. O mənada, əlbəttə ki, bacardığımız qədər əl tutmalıyıq Ukraynaya. Amma müharibəni saxlamaq olarmı? Məncə, biz bunun həll yollarına baxmalıyıq. Məsəlçün, əgər sən 50 milyard dollar nəyəsə ayırırsansa, ya bunu silah-sursata ayıra bilərsən, ya da bunu problemin çözümünə ayıra bilərsən.”
Ayxan Mirizadə: “Rusiya hegemonluq edir. Bilirik də bunu. Düz eləmir. [Dəstəyə] yaxşı baxıram. Vergimin ora getməsinə də razıyam. Onların da azad olmağa ixtiyarları var. Rusiya düzgün hərəkət etmir. Nəinki Amerikanın, bəzi Avropa dövlətlərinin də daha çox kömək etmələrini istərdim.”
Baycan Verdiyeva: “Məncə, Amerika ilk növbədə ölkəsində baş verən problemlərə daha çox vaxt və diqqət ayırmalıdır, pul ayırmalıdır. Çünki bizim özümüzün də yetərincə problemlərimiz var. Məsələn, hal-hazırda immiqrasiya baş verir. Cənub sərhədindən gündə minlələ, yüzlərlə immiqrant axışıb gəlir. Bu da evsizlik problemi yaradır. Çox insanları biz küçədə görürük. 16 il öncə mən bu sayda evsiz insan görməmişdim. Amma indi hətta mənim məhəlləmdə dükan qarşısında, yollarda görürsən ki, evsiz insanların sayı artıb. Məncə, bizim pulları başqa ölkələrə göndərməkdənsə, ilk növbədə bizim ölkənin içindəki problemləri həll etmək lazımdır.”
İlkin Abasov: “Amerikanın dünya miqyasına qoyduğu statusu var və o statusa əməl etməlidir. Əgər Amerika kimi bir dövlət təcavüzə məruz qalan dövlətə kömək etmirsə, kim kömək etməlidir? Buna görə də, təbii ki, Amerika kömək etməlidir. Amma, bu köməyin də müəyyən bir miqdarı olmalıdır. Əgər sənin şəhərində yolların yaxşı şəraitdə deyilsə, sən həmin yolların təmirinə, və yaxud da, məktəblərin təmirinə pul ayırmırsansa, büdcədəki pulu ayırırsansa Ukraynaya yardıma bu artıq insanlarda narazılıq yarada bilər. Mən sadəcə yeni prezidentin gəlib sülh yaratmasını istəyərəm.”
ABŞ Dövlət Departameninin verdiyi məlumata görə, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başladığı andan bu günə qədər ABŞ Ukraynaya 64.1 milyard dollarlıq hərbi yardım ayırıb.
“Pew” Araşdırmalar Mərkəzinin iyul ayında açıqladığı rəy sorğuları nəticələrinə əsasən, amerikalıların 48 faizi ABŞ-ın Ukraynanı dəstəkləmək öhdəliyi olduğunu, 49 faizi isə belə bir öhdəliyin olmadığını deyir.
Bu rəqəmlər partiya mənsubiyyətinə əsasən fərqlənir. Belə ki, Demokratların 63 faizi, Respublikaçıların isə 36 faizi ABŞ-ın Ukraynaya kömək etmək öhdəliyi olduğunu düşünür.