Vaşinqton ştatında yaşayan azərbaycanlılar seçki öncəsi ABŞ iqtisadiyyatı haqda fikirlərini bölüşür

Your browser doesn’t support HTML5

İqtisadiyyat hər zaman ABŞ seçkilərinin əsas mövzusu olub. 2024-cü il seçkiləri də istisna deyil. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla ölkədəki iqtisadiyyatın vəziyyəti ilə bağlı müşahidələri haqda danışdıq.

Co Bayden 2021-ci ilin yanvarında vəzifəsinin icrasına başlayanda ölkədə COVID19 pandemiyası hələ də davam edirdi. Pandemiyanın birbaşa təsirləri ilə bərabər, ölkə iqtisadiyyatı 2008 böhranından bu yana ən ciddi sınğından keçirdi.

Növbəti aylar və illər ərzində Bayden administrasiyası müxtəlif addımlarla iqtisadiyyatı mümkün qədər tez pandemiyadan öncəki hala gətirməyə çalışdı. Amma bu dövr ölkədə yüksək inflyasiya ilə müşayət edildi.

Avgust ayında ABŞ-da inflasiya dərəcsi 2.5 faiz təşkil edib və bu, 2021-ci ilin fevralından bəri ən aşağı göstəricisidir. Buna baxmayaraq, inflasiya və bütövlükdə iqtisadiyyat Tramp kampaniyasının diqqət yetirdiyi əsas mövzulardandır.

Vaşinqton ştatında yaşayan sahibkarlar İlkin Abasov və Elçin Süleymanov ölkədəki iqtisadi durumu belə təsvir edirlər.

İlkin Abasov: “İndiki iqtisadi durum Amerika kimi böyük istehlak bazarı olan bir yerə görə heç də yaxşı deyil. Qiymət artımı, inflyasiya dərəcəsi artıb. Bu da ən kiçik bizneslərdən ən böyük bizneslərə qədər təsir edir.”

Elçin Süleymanov: “Gəlir dəyişib, gəlir artıb. Amma bir az elə bil gəlir [qiymətlərdən] geriyə qalır. ”

Ayxan Mirizadə isə inflyasiyanın yalnız ABŞ-a xas olan bir şey olmadığını deyir:

“İnflyasiya hər yerdə oldu. COVID-dən sonra çox dəyişikliklər oldu. Tək Demokratların günahı deyil. COVID-də çoxlu bizneslər işləmədi, ofislər bağlandı.”

O, əlavə edir ki, pandemiya dövründən sonra əmək bazarı da sabit deyil:

“Tanıdığım adamlardan işlərini itirənlər oldu. Texnologiya sahəsində - Boeing, Amazon, Microsoft. Şəxsən tanıdğım adamlar hə, işlərini itiriblər. İxtisar ediliblər.”

İlkin Abasov hazırda iqtidarda olan partiyanın durumu düzəltmək üçün 4 il vaxtı olduğunu deyir:

“Düzdür, Kamala Harris axırıncı debatda dedi ki, mən qiymətləri aşağı salacam, kiçik bizneslərə vergi güzəştləri verəcəm. Belə vədlər verdi. Amma həmin vitse-prezident dörd ildir ki, hakimiyyətdədir və bu dövrdə heç bir belə şeylər baş verməyib. Ona görə, bilmirəm. Amma Tramp isə deyir ki, mən inflyasiyanı ləğv edəcəm, benzin qiymətlərini aşağı salacam.”

Benzin qiymətləri hər seçkidə namizədlərin diqqətdən kənar qoymadığı məqamdır. Seçkiyə bir neçə həftə qalmış ölkədə benzinin dəyəri sabitləşməyə doğru getdiyi görünür. Amma Bayden administrasiyası dövründə benzin qiymətləri əhəmiyyətli səviyyədə qalxmışdı və Donald Tramp rəqibini tənqid edərkən bunu vurğulamağı unutmur.

Ayxan Mirizadə düşünür ki, benzin qiyməti prezidentlərdən və administrasiyalardan asılı deyil:

“Heç bir prezident orada oturub benzin qaldırmır. İqtisadi söhbət idi. Səudilər satırdılar- satmırdılar. Oyun oynayırdılar.”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp xaricdən gələn məhsullara yüksək tariflər vəd edir. Tikinti sahəsində sahibkar olan Hüseyn Kərimov deyir ki, Trampın ilk prezidentliyi müddətində tarif siyasəti nəticəsində onun biznesinə zərər dəyib:

“Axırıncı dəfə Tramp seçiləndə bizə bir az çətinlik yaratdı. Çünki bizdə biznesin qurulması beynəlxalq əlaqələrlədir. Biz öz materiallarımızı Çindən əldə edirik.Tramp Çindən gələn bütün materiallara antidempinq tarifləri qoydu. 450-500 faiz vergi qoydu. Buna görə biz o materialları gətirə bilmədik və bütün kontraktlarımızı itirdik. Böyük bir itki olmuşdu.”

Bir neçə həftə öncə Kamala Harris iqtisadi siyasət təkliflərini səsləndirəndə diqqəti ən çox çəkən məqamlardan biri korporasiyalar üzərində olan vergi miqdarının artırılması idi. Donald Tramp 2017-ci ildə hakimiyyətə gələndən sonra həmin vergini 35 faizdən 21 faizə azaltmışdı. Harris bu vergini 28 faizə qaldırılmasını təklif edir.

Ayxan Mirizadə: “Həm yaxşıdır, həm də pisdir. Niyə pisdir? Orta təbəqə bu korporasiyalarda işləyirlər. Onlar vergini çox versələr, onda ixtisarlar olacaq. Ona görə, o ziyandır. Digər tərəfdən də, korporasiyalar həddindən artıq pul ödəmir.”

Hüseyn Kərimov və İlkin Abasov kiçik bizneslərin ABŞ üçün önəmli olduğu deyirlər və əlavə edirlər ki, dövlətin onların fəaliyyətinə mane olmaması bu bizneslərin çiçəklənməsi üçün vacib meyardır.

Hüseyn Kərimov: “Əslində bir az qəlizdir. Amerikaya baxanda dövlətin iki biznesi var – dəmir yolu və poçt sistemi. Qalan dövləti qaldıran hər şey kiçik bizneslərdir.”

İlkin Abasov: “Bizneslərdən alınan vergilər və ya bizneslərin aldıqları lisenziyaların vaxtı burada daha rahatdır. Biz keçən il bütün sənədləşdirmə işlərini aparanda bizim heç də böyük problemlərimiz olmadı. Hər bir şey vaxtında, rahat şəkildə. Rüsumlar da elə də artıq deyildi. Hər şeyi rahat şəkildə əldə etmək olurdu.”

Texnologiya sahəsində çalışan Baycan Verdiyeva deyir ki, Respublikaçılar Partiyası iqtisadiyyata və bizneslərə diqqət baxımından Demokratlardan daha yaxşı özlərini göstəriblər:

“Respublikaçılar Partiyasında iqtisadiyyata daha çox fokus qoyulur və bunu biz hiss edirdik Respublikaçılar qüvvədə olanda. Hal-hazırda isə dövlət başqa şeylərə daha çox fikir ayırır, pul ayırır. Məsələn, hal-hazırda başqa müharibələr baş verir.”

Elçin Süleymanov da iqtisadi mövzularda Respublikaçılara daha çox meyl etdiyini deyir:

“Açığı çətindir onu demək hansı partiya daha uğurlu ola bilər bu mövzuda. Zatən onu bilsəydik, qərarı həmin an verərdik. Fikirləşirəm ki, iqtisadi baxımdan Respublikaçılar daha uğurlu ola bilərlər. Mənə elə gəlir ki, əksəriyyət də elə düşünür.”

Hüseyn Kərimov isə məsələyə biz az fərqli baxır. O düşünür ki, nəticə etibarilə hər şey biznes adamlarından asılıdır:

“Biz Amerikaya elə yerdən gəlmişik ki, bizə həmişə çətin olub. Ona görə də hazırkı çətinliklərlə üzləşəndə, mən fikirləşirəm ki, necə yol tapmalıyıq. Ona görə də hansı partiyanın seçilməsi elə də təsir göstərmir.”