Milli fəal Səyyad Məhəmmədianın məhkəmə iclası keçirilib

Milli fəal Səyyad Məhəmmədian (Ovçu)

Bu gün, sentyabrın 28-də tanınmış milli fəal Səyyad (Ovçu) Məhəmmədianın məhkəmə iclası Kərəc şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 1 saylı şöbəsində keçirilib.

Bu barədə Araz News və AZOH Telegram kanalları məlumat yayıb.

Məhkəmədə Məhəmmədian və onun vəkili irəli sürülmüş ittihamlara qarşı müdafiələrini təqdim ediblər. Fəal, “rejimə qarşı təbliğat aparmaq” və Yeni GAMOH təşkilatına üzv olmaq kimi ittihamlarla üzləşir.

Səyyad Məhəmmədian bu ilin mayın 15-də təhlükəsizlik qüvvələri tərəfindən öz evində saxlanılmış və təxminən bir aylıq həbsdə qaldıqdan sonra, iyunun 15-də 700 milyon tümən zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

SEE ALSO: Siyasi fəal Səyyad Məhəmmədiyan zaminə buraxılıb

Onun həbsindən sonra təhlükəsizlik qüvvələri həyat yoldaşı Rübab Quluzadəni çağıraraq hədələyiblər. Həbs zamanı Məhəmmədianın şəxsi əşyaları, o cümlədən kompüteri müsadirə edilib.

Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərindən olan Səyyad Məhəmmədian hazırda Əlburz vilayətinin Yengi İmam kəndində yaşayır. O, İranda azərbaycanlıların dil və mədəni hüquqları uğrunda dinc mübarizəsinə görə, əvvəllər dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə üzləşib.